Astara sakinləri rəşadətli ordumuzun qələbəsinə sevinirlər

Astara sakinləri rəşadətli ordumuzun qələbəsinə sevinirlər

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında ordumuzun düşmənə vurduğu sarsıdıcı zərbə, strateji əhəmiyyətli yaşayış məntəqələri və yüksəklikləri azad etməsi barədə söylədiyi dəyərli fikirlər Astara rayon ictimaiyyətində böyük ruh yüksəkliyi yaradıb. SİA-nın məlumatına görə, 5 aprel tarixində Astara rayonunda keçirilmiş ümumrayon toplantısında iştirak edən insanların çöhrəsində bu aydın hiss olunurdu. Tədbirdə rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, Qarabağ müharibəsi veteranları, ağsaqqallar, qeyri-hökumət təşkilatlarının, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İştirakçılar əvvəlcə şəhid olmuş bütün Azərbaycan oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək bildirib ki, aprelin 1-dən 2-nə keçən gecə erməni silahlı birləşmələri ordumuzun təmas xəttində atəşkəsi pozaraq cəbhə boyu sərhədyanı yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutublar. Nəticədə hərbiçilər və mülki vətəndaşlar arasında həlak olan və yaralananlar olub. Buna cavab olaraq rəşadətli Azərbaycan ordusu düşmən mövqelərinə sarsıdıcı zərbələr endirməklə xeyli sayda hərbi texnika və canlı qüvvəsini məhv ediblər. Bu günə qədər olan döyüşlərdə 300-dən çox düşmən məhv edilib, bir neçə yüz düşmən yaralanıb, çoxlu tank, artileriya qurğusu və digər hərbi texnika sıradan çıxarılıb.

Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun bu qələbəsi münasibətilə bütün Azərbaycan xalqını təbrik edən icra başçısı ordumuz tərəfindən bundan sonra da düşmənin hər bir təxribatına layiqli cavab veriləcəyini diqqəttə çatdırıb.

Biz 20 ildən artıqdır atəşkəs rejimində yaşayırıq. Buna baxmayaraq müdrik Prezidentimiz möhtərəm cənab İlham Əliyev humanistlik edərək çalışır ki, məsələ sülh yolu ilə öz həllini tapsın. Ordumuzun qazandığı böyük üstünlüklərə baxmayaraq Azərbaycan Prezidenti Təhlükəsizlik Şurasının iclasında bir daha bəyan edərək dünyaya səsləndi:

"Biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Biz müharibə istəmirik. Biz istəmirik ki, qan tökülsün. İstəmirik ki, gənc insanlar həlak olsunlar. Biz istəmirik ki, anaların göz yaşları tökülsün. Azərbaycan, Ermənistan analarının göz yaşları tökülməsin. Ancaq biz öz haqqımızı tələb edirik. Ermənistan işğal edilmiş torpaqlardan çıxmalıdır."

Azərbaycan xalqı öz Prezidentini sevir, ona inanır və arxasında vahid bir güc kimi birləşib. Cəmiyyətin döyünən ürəyi olan gənclərimizin doğma Vətənə, torpağa sonsuz məhəbbəti tarixi torpaqlarımızın düşmən işğalından azad olunacağı məqamı günbəgün yaxınlaşdırır. Bu, həm də xalqın birliyindən irəli gələn gücün-Azərbaycan Silahlı Qüvvələrinin diktə etdiyi böyük həqiqətdir.

Tədbirdə çıxış edən rayon Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara Rayon Şöbəsinin rəisi Məcid Məmmədov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyinin sədri Bayraməli Qasımov, Astara Pedaqoji Kollecin V kurs tələbəsi, Ağdam rayonunun Quzanlı kənd sakini Ülviyyə Rüstəmova, Qarabağ Müharibəsi əlili Atakişi Mirzəyev, YAP rayon təşkilatının sədri Firudin Əhmədov ordumuzu və Azərbaycan xalqını böyük hərbi qələbə münasibəti ilə təbrik edərək Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək torpaqlarımızın azadlığı uğrunda hər an döyüşə atılmağa hazır olduqlarını bildiriblər.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə