Yasamalda dəstək tədbiri keçirilib

Yasamalda dəstək tədbiri keçirilib

Bu gün Yasamal Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə Ermənistanın ölkəmizə qarşı növbəti silahlı təxribatı nəticəsində təmas xəttində baş verən hadisələrlə əlaqədar Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclasında Prezident, Ali Baş Komandan İlham Əliyevin çıxışına dəstək tədbiri keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev Azərbaycanın münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu qeyd edib.

İbrahim Mehdiyev bildirib ki, Azərbaycanın şücaətli, igid əsgərləri öz torpaqları uğrunda canlarından keçməyə hazırdır: "Nə qədər ki, Ermənistan işğalçılıq siyasətindən əl çəkməyib bizlər öz torpaqlarımızı düşməndən azad etməyə hazır olmalıyıq. Ermənistan ordusunun atəşkəsi pozaraq dinc əhaliyə atəş açması isə birmənalı olaraq pislənməlidir".

Yasamal rayon İcra Hakimiyyətinin başçısı düşmənin növbəti təxribatına qəhrəman ordumuzun layiqli cavab verdiyini vurğulayıb.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov insanlar arasında ruh yüksəkliyinin olduğunu diqqətə çatdırıb. T.Əhmədov bildirib ki, bu gün Azərbaycanın haqlı mövqeyi beynəlxalq müstəvidə dəstəklənir: "Bu isə ölkə prezidenti İlham Əliyevin apardığı düzgün xarici siyasətin bariz nümunəsidir. Məhz elə ona görə də Azərbaycan xalqı aparılan uğurlu siyasəti dəstəkləyir, Prezidentin ətrafında sıx birləşir. Əminliklə söyləyə bilərik ki, Azərbaycanın bir qarış torpağı belə düşmən tapdağı altında qalmayacaq. Əzəli torpaqlarımızın düşməndən azad olunacağı gün uzaqda deyil".

Digər çıxış edənlər isə ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminlik ifadə ediblər, lazım olarsa Ali Baş Komandanın çağırışı ilə düşmənlə döyüşə hazır olduqlarını qeyd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə