Nərimanov gənclərindən ordumuza DƏSTƏK

Nərimanov gənclərindən ordumuza DƏSTƏK

Nərimanov rayonunda son günlər cəbhədə baş verən gərgin hadisələr fonunda ordumuzun qazandığı qələbələr münasibətilə gənclər tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə dəstək aksiyası keçirilib. SİA-nın verdiyi xəbərə görə, yüzlərlə gənc "Qarabağ bizimdir, bizim olacaq" şüarları səsləndirərək Azərbaycan əsgərinə dəstəklərini, onlara inamlarını nümayiş etdiriblər. Aksiya ardından baş tutan tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyev, millət vəkili Adil Əliyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və xeyli sayda gənclər iştirak edib.

Tədbirdən öncə iştirakçılar Ümummilli lider Heydər Əliyevin büstü önünə əklil qoyublar.

Qəhrəmanlıqla həlak olan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən Nərimanov rayon icra hakimiyyətinin başçısı Abidin Fərzəliyev Azərbaycan xalqının cənab prezidentin ətrafında sıx birləşərək mənfur düşmənə qarşı mübarizə aparmağa daim hazır olduğunu söyləyib: "Ordumuz bizim qürurumuzdur. Daha böyük qələbələr qazanmaq əzmindəyik. Nərimanov rayon əhalisi adından demək istəyirəm ki, biz Ali Baş Komandanımızın döyüş əmrinə hər an hazırıq".

Nərimanov rayonundan seçilən millət vəkili Adil Əliyev Azərbaycan xalqını qələbə münasibətilə təbrik edib. O, düşmənin nə qədər hiyləgər olmasına baxmayaraq mərd Azərbaycan oğullarının gücünə inandıqlarını bildirib: "Havadarlarının dəstəyi ilə torpaqlarımızı işğalda saxlayan ermənilər bu gün ordumuzun sarsıdıcı zərbələri qarşsında aciz durumdadır. Qorxaqcasına mövqelərini qoyub qaçırlar. Biz güclü ordumuzla fəxr edirik".

Daha sonra çıxış edən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov gənclərimizin sağlam bədən və sağlam ruha sahib olduqlarını düşmənə vurduqları güclü zərbələrlə bir daha sübut etdiklərini bildirib. Qeyd edib ki, belə igid Vətən övladları ilə Azərbaycan hələ daha böyük qələbələr qazanacaq.

Tədbir digər çıxışlarla davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə