Qarabağda vəziyyətin kəskinləşməsilə əlaqədar Lənkəran şəhərində ümumrayon toplantısı keçirilib. SİA-nın məlumatına görə, toplantıda Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, siyasi partiyaların və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbirin əvvəlində ermənilərin təxribatlarının qarşısını alan zaman şəhid olan Azərbaycan ordusunun hərbçiləri bir dəqiqəlik sükutla yad olunub.
İcra başçısı Taleh Qaraşov tədbirdə çıxış edərək bildirib ki, cəbhə bölgəsinin təmas xəttində erməni hərbi birləşmələrinin təxribat əməllərinə Azərbaycan Ordusu güclü zərbə ilə cavab verərək düşməni sarsıdıcı məğlubiyyətə uğradıb: "Bu uğurlu əməliyyat sayəsində işğal olunmuş torpaqların bir hissəsi, bir neçə yaşayış məskəni azad olunub, düşmənin yüzdən çox canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Ali Baş Komandan cənab İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında bildirib ki, "biz sülh istəyirik, biz heç kəsin ölməsini istəmirik. Ermənilər bizim torpaqları zəbt ediblər. Onlar ölmək istəmirlərsə, qoy öz torpaqlarına rədd olub getsinlər!" Toplantıda çıxış edən YAP Lənkəran təşkilatının sədri İlqar Dadaşov, Qarabağ Müharibəsi veteranları Əbülfət Əliyev, Zaur Əhmədov, Milli Qəhrəman atası Ələkbər Əliyev, müəllim Araz Məmmədov, şəhər Gənclər və İdman İdarəsinin əməkdaşı Mehman Əliyev və başqaları son günlər cəbhədə Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi uğurlara görə qürur duyduqlarını, hər an Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə Vətən torpaqlarının erməni işğalçılarından azad olunması üçün canlarını fəda etməyə hazır olduqlarını bildiriblər.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB