Göygöldən olan şəhid doğma kəndində torpağa tapşırılıb FOTO

Göygöldən olan şəhid doğma kəndində torpağa tapşırılıb FOTO

Qoşunların təmas xəttində ermənilərin hücumunun qarşısını alarkən həlak olan Azərbaycan Ordusunun əsgəri,19 yaşlı Sərxan Bağırov dəfn olunub. Şəhid doğulduğu Göygöl rayonun Əlimədədli kəndində torpağa tapşırılıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, dəfn mərasimində Müdafiə Nazirliyinin, Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmləri, eləcə də millət vəkilləri və ictimai birliklərin nümayəndələri, sadə vətəndaşlar və şəhidin hərbiçi yoldaşları iştirak edib. Sərxanın döyüş yoluna nəzər salan çıxışçılar onun igid hərbiçi olduğunu, düşmənə layiqli cavab verdiyinə diqqət çəkiblər. Bu günədək ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə Göygöl rayonu 134 şəhid verib. Onlardan 3-ü milli qəhrəman adınla layiq görülüb. Ailənin tək övladı olan Sərxan da şəhidlik zirvəsinə yüksəlməklə kənd sakinlərinin xatirəsində cəsur döyüşçü kimi qalacaq. Dəfn mərasimində son günlər Azərbaycan ordusunun təmas xəttində göstərdiyi şücayətlərdən də söz açılıb. Uğurlu əməliyyatlar nəticəsində strateji əhəmiyyətli yüksəkliklərin ələ keçirildiyi, xeyli itki verən düşmənə tutarlı zərbə endirildiyi qeyd olunub. İnsan izdihamı ilə müşahidə olunan dəfn mərasmində sakinlər şəhidi alqışlarla son mənzilə yola salıblar. Əlimədədli kənd qəbristanlığında dəfn edilən Sərxan Bağırov Azərbaycan himni sədaları altında yaylım atəşinin açılması ilə torpağa tapşırılıb. Sərxan Bağırov ötən ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsindən hərbi xidmətə çağırılıb.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə