Xaricdə yaşayan azərbaycanlılar millət vəkilinə müraciət etdilər DÖYÜŞMƏK ÜÇÜN
Azərbaycan Silahlı Qüvvələrinin düşmənin təxribat xarakterli həmlələri, hücumları, mülki vətəndaşlar yaşayan kəndləri ağır artilleriyadan güllə-baran etməsinin qarşısını almaq üçün erməni quldurlarına qarşı apardığı qətiyyətli və uğurlu əməliyyatlarda iştirak etmək, Vətən torpaqlarını düşməndən təmizləmək məqsədilə xaricdə yaşayan minlərlə azərbaycanlı müvafiq dövlət orqanlarına və rəsmi şəxslərə müraciətlər edir. Bu barədə SİA-ya millət vəkili Tahir Mirkişili açıqlama verib.
Deputat qeyd edib ki, Rusiya və digər ölkələrdə yaşayan azərbaycanlılar müxtəlif vasitələrlə onunla əlaqə saxlayaraq, işğal altında olan ərazilərimizi azad etmək üçün cəhbəyə gəlmək istədiklərini vurğulayırlar: "Mənə Rusiya və digər ölkələrdə yaşayan azərbaycanlılar çoxsaylı müraciətlər edir, Azərbaycana gəlib torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşmək istədiklərini bildirirlər. Dünya azərbaycanlıları Vətən uğrunda son nəfəsinə qədər döyüşməyə hazırdır. Bütün azərbaycanlılar Ali Baş Komandanın ətrafında sıx birləşib, onun əmrlərini gözləyirlər. Cənab Prezidentimiz əmr verəcəyi təqdirdə hər kəs cəhbəyə yollanaraq, düşməni məhv etməyə gedəcək".
Qeyd edək ki, hazırda nəinki Rusiya, həmçinin İran, Türkiyə, Pakistan, Belarus, Avropa ölkələri və digər dövlətlərdə yaşayan həmvətənlərimiz Dağlıq Qarabağı işğaldan azad etmək üçün döyüşlərdə mübarizə aparmaq məqsədilə Azərbaycana gəlmək istədiklərini bəyan edirlər.
Dünya ölkələri və beynəlxalq təşkilatların əksəriyyəti də Azərbaycanın haqlı mövqeyini dəstəkləyir, Ermənistanın quldur dəstələrinin torpaqlarımızdan çıxmasını tələb edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB