Qazaxıstanda facebook səhifələri Azərbaycan bayrağı rəngində

Qazaxıstanda facebook istifadəçilərinin əksəriyyəti öz səhifələrinin arxa fon şəkillərinə Azəırbaycan bayrağını yerləşdiriblər. SİA-nın 7news.kz informasiya agentliyinə istinadən verdiyi məlumata görə, qazax sosial şəbəkəçiləri bunu Azərbaycan xalqı ilə həmrəyliyin bir göstəricisi kimi ifadə ediblər.

Qazaxıstanlı facebook istifadəçiləri Dağlıq Qarabağda Ermənistan və Azərbaycan hərbi qüvvələri arasında baş verən iri miqyaslı silahlı toqquşmaları müzakirə edirlər. Tanınmış qazax siyasətçisi Aydos Sarım öz səhifəsində milyonlarla həmyerlisi kimi Azərbaycana dəstək olduğunu bildirib: "Biz Azərbaycanla birgəyik. Qardaşımız olan Azərbaycan xalqına qələbə arzulayırıq".

Politoloqun bu fikirlərinə minlərlə istifadəçi "bəyəndim" işarəsi qeyd edib.

Rəsmi Astananın baş verən hadisələrə heç bir münasibət bildirməməsinə isə A.Sarımın reaksiyası belə olub: "Bəs bizim XİN haradadır? Astananın Qarabağa dair mövqeyi hanı? Azərbaycanın müdafiəsi ilə bağlı rəsmi münasibət hanı? Ən azından atəşkəsin təmin olunması ilə bağlı çağırış niyə yoxdur? Əgər prezident ölkədə yoxdursa və bir-iki gün də olmayacaqsa niyə təhqiramiz şəkildə susmalıyıq? Axı, Qazaxıstan danışıqlar prosesinin iştirakçısı olub?!".

Buna baxmayaraq Qazaxıstanın əksər facebook istifadəçiləri Azərbaycanla həmrəylik nümayiş etdirərək səhifələrinin əsas fonuna ölkəmizin üçrəngli bayrağını vurublar.

Bütün xəbərlər Facebook səhifəmizdə