SOCAR ağacəkmə kampaniyasına start verib

SOCAR-ın həyata keçirdiyi ekoloji siyasətə uyğun olaraq hər il yaz və payız mövsümlərində genişmiqyaslı iməciliklər keçirilir, idarə və müəssisələrin əraziləri istehsalat tullantılarından təmizlənir, yüksək səviyyədə abadlıq, yaşıllaşdırılma işləri görülür, yaşıllıqlara aqrotexniki qulluq göstərilir. SİA-nın verdiyi xəbərə görə, bu işlərin davamı olaraq, bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayəndələrinin iştirakı ilə "Abşeronneft" NQÇİ-nin ərazində iməcilik keçirilib, çoxlu sayda ağac əkilib, yaşıllaşdırma işlərinə nəzər salınıb.

SOCAR prezidentinə məruzə edilib, NQÇİ-nin kollektivi idarənin yerləşdiyi Pirallahı adasında ekoloji tarazlığın bərpası məqsədi ilə mühüm işlər görür. İndiyədək 13,5 hektarlıq ərazi bioremediasiya üsulu ilə neft şlamından təmizlənib, idarənin daxili imkanları hesabına 16,5 hektarlıq sahə abadlaşdırılıb və həmin sahələrdə 37 mindən artıq ağac, müxtəlif növ gül kolları əkilib.

Qeyd olunub ki, bu dəfəki iməcilik zamanı ərazinin təbii xüsusiyyətlərinə uyğun olan 2500-dən artıq ağac və gül bitkilərinin əkilməsi, mövcud yaşıllıqlara müvafiq aqrotexniki qulluq göstərilməsi, ağacların diblərinin yumşaldılması və abadlıq işlərinin aparılması nəzərdə tutulur.

"Abşeronneft" NQÇİ-nin neftlə çirklənmədən təmizlənmiş mədən ərazisində Ağac əkən Rövnəq Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkədə ətraf mühitin qorunması ilə bağlı ekoloji hərəkatda SOCAR-ın öncül rol oynadığını deyib.

Qeyd edək ki, SOCAR müəssisələri kollektivlərinin iştirakı ilə bu kimi iməciliklər və yaşıllaşdırma tədbirləri mütəmadi olaraq həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə