Dilçilik İnstitutu bəzi dərsliklərdə nöqsanlar aşkarlayıb

Dilçilik İnstitutu bəzi dərsliklərdə nöqsanlar aşkarlayıb

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu "Azərbaycan dilinin zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın tələblərinə uyğun olaraq "Orta məktəb dərsliklərinin dili: norma və üslub problemləri" mövzusunda konfrans keçirib. İnstitutun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, mətbuat konfransını giriş sözü ilə İnstitutun direktoru vəzifəsini icra edən AMEA-nın müxbir üzvü, prof. Möhsün Nağısoylu açaraq dillə bağlı "Dövlət Proqramı"nın yerinə yetirilməsi sahəsində görülən işlərdən söz açıb.

Monitorinq şöbəsinin müdiri prof. Q.Məhərrəmli ədəbi dilin müxtəlif sahələrdə işlənməsinin özəllikləri, mövcud problemlər və yol verilən xarakterik nöqsanlar haqqında danışıb. O, göstərilən sahələrdə dil nöqsanlarının aradan qaldırılmasında monitorinqlərin əhəmiyyətini xüsusi qeyd edib.

Dərsliklərin dilində fonetik, leksik və qrammatik normaların pozulması hallarına da tez-tez rast gəlmək olur. Durğu işarələrinin bəzi hallarda buraxılması, söz sırasının pozulması, sözlərin yerində düzgün işlədilməməsi, morfoloji əlamət və sintaktik vasitələrdən düzgün istifadə olunmaması, fikir mücərrədliyi və s. dərsliyin dilində rast gəlinən əsas norma pozuntularıdır.

8-ci sinif "Azərbaycan dili" dərsliyi haqqında Monitorinq şöbəsinin aparıcı elmi işçisi, dos. Şahlar Məmmədov çıxış edib. 8-ci sinif üçün "İnformatika" dərsliyi barədə İnstitutun aparıcı elmi işçisi, dos. Rasim Heydərov, 7-ci sinif "İnformatika" dərsliyi barədə Pərvin Eyvazov danışıb.

Mətbuat konfransında mövcud nöqsanların aradan qaldırılması ilə bağlı təkliflər də səsləndirilib.

Sonda mətbuat konfransının təşkilatçıları KİV nümayəndələrinin suallarını cavablandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə