Soyqırımı qurbanları Lənkəranda anıldı FOTOLAR

Soyqırımı qurbanları Lənkəranda anıldı FOTOLAR

1918-ci il martın 31-də Bakı, Şamaxı, Quba qəzalarında, Lənkəranda, Qarabağda, Zəngəzurda, Naxçıvanda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla azərbaycanlıların soyqırımı həyata keçirilib. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilib, kəndlər yandırılıb və milli-mədəniyyət abidələrimiz dağıdılıb məhv edilib. SİA-nın Cənub bürosunun məlumatına görə, erməni vandallarının törətdiyi bu qətliama Cənub bölgəsi də məruz qalıb. Soyqırımı zamanı Lənkəran və ətraf rayonlarda 40-dan çox kənd yandırılıb, 2000-dən çox günahsız insan qətlə yetirilib. 98 il bundan əvvəl ermənilər Lənkəranda şəhərin mərkəzi də daxil olmaqla Girdəni, Vilvan, Gərmətük, Mamusta, Kərgəlan, Sütəmurdov, Osakücə və sair kəndlərdə minlərlə dinc sakini qanına qəltan ediblər.

31 Mart Azərbaycanlıların Soyqırımı qurbanlarının xatirəsi respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da dərin hüznlə anılıb.

Ümumrayon anım mərasimində iştirak edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov soyqırım qurbanlarının xatirəsinə ucaldılan abidə-kompleksinin önünə gül dəstələri qoydu.

Mərasimdə rayonun hüquq-mühafizə orqanlarında, idarə, müəssisə və təşkilatlarında, təhsil, səhiyyə, mədəniyyət müəssisələrində çalışan minlərlə lənkəranlı soyqırımı qurbanlarına dərin ehtiramlarını bildirməklə abidə önünə tər gül dəstələri düzdülər, şəhidlərin ruhlarına dualar oxudular.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə