31 Mart soyqırımına mətbuat yanaşması SORĞU

31 Mart soyqırımına mətbuat yanaşması SORĞU

İstər Xocalı, istər 31 Mart soyqırımlarının tanıdılması istiqamətində dövlət tərəfindən ardıcıl işlər aparılır. Sözügedən günlər həm ölkəmizdə, həm də digər ölkələrdə anım tədbirləri keçirilir, soyqırımı qurbanları anılır. İstənilən hadisənin, eləcə də tarixi günlərin geniş ictimaiyyətə çatdırılmasında mətbuatın rolu da böyükdür. Bəs 31 Mart soyqırımı mətbuat tərəfindən lazımı şəkildə işıqlandırılırmı? SİA bununla bağlı media mənsublarının fikirlərini öyrənib.

"31 Mart soyqırımı daim mətbuatın diqqətindədir"

Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli: "Uzun illər 31 Mart soyqırımı ilə bağlı siyasi qərar olmayıb. Bu soyqırımı yalnız fakt və hadisə kimi xatırlanıb. Ümummilli Lider Heydər Əliyevin sərəncamı əsasında 31 mart soyqırımı günü kimi elan edilib. Həmin tarixdən başlayaraq Azərbaycanın həm dövlət qurumları, həm müxtəlif elmi institutlar, həm də media məsələyə kifayət qədər həssas yanaşmağa başlayıb. Sözügedən soyqırımı daim mətbuatın diqqətindədir. Mətbuatımızda 31 mart soyqırımı ilə bağlı Azərbaycan ictimaiyyəti üçün kifayət qədər informasiya dərc olunur. Bu informasiyalar gənc nəsil üçün çox önəmlidir. Çünki, gənclərimiz o zaman baş verənləri bilməli, yaddaşlarda saxlamalıdır. Amma Azərbaycanın tarix boyu üzləşdiyi erməni faşizmi vandalizmi barəsində məlumatların beynəlxalq mediaya və ictimaiyyətə çatdırılmasına ehtiyac var. Yaxşı olardı ki, kütləvi informasiya vasitələri bu məlumatları xarici dildə yaymağa üstünlük versinlər. Xarici dildə yayılan məlumatlar başımıza gələn müsibətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynaya bilər".

"Məni qane etməyən məsələlər var"

Azərbaycan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu: "31 Mart soyqırımı son 100 illikdə tarixdə qalan ən dəhşətli soyqırımıdır. Son dövrlər mətbuatımızda bu məsələyə diqqət ayrılır. Lakin burada məni qane etməyən məsələlər də var. Çox təəssüf ki, mətbuatda dərc olunanlar materiallar nədənsə daha çox özümüzə yönəlik olur. Onsuzda Azərbaycan ictimaiyyəti illər öncə başına gələn müsibətlərdən xəbərdardır və bu hadisələri heç zaman unutmur. Biz daha çox xarici auditoriyaya yönəlik materiallar dərc etməliyik. Dağlıq Qarabağ, 20 Yanvar, Xocalı və 31 Mart hadisələrini yalnız həmin tarixdə deyil, hər an, hər saat, hər gün yad etməli, diqqət ayırmalıyıq. 31 Mart soyqırımın dünya ölkələri tərəfindən tanıdılmasında dövlətlə yanaşı, vətəndaş cəmiyyəti də fəaliyyət göstərməlidir. Bu gün virtual imkanlarımız daha genişdir. Sosial media və şəbəkələr vasitəsilə çox işlər görmək olar. Bu imkanlardan istifadə etməklə adi vətəndaşlar da bu prosesə qatıla bilərlər. Bu cür addımlarla istər 31 mart, istərsə də digər hadisələrin dünya ictimaiyyəti tərəfindən tanıdılmasında mühüm işlər görə bilərik".

"Soyqırımı ilə bağlı məlumatlar xarici mətbuatda yayılmalıdır"

"Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli: "Prinsip etibarı ilə mətbuatda 31 Mart soyqırımı ilə bağlı ciddi araşdırmalara rast gəlmək mümkündür. Faktiki olaraq öz qəzetimizdə ilboyu 31 Mart soyqırımı ilə əlaqədar müxtəlif yazılar və araşdırmalar dərc edilir. Hətta bir neçə il bundan qabaq sözügedən soyqırımı ilə bağlı xüsusi buraxılışımız da olub. Hesab edirəm ki, digər mətbuat orqanları da soyqırımın tanıdılması istiqamətində üzərilərinə düşən missiyanı yerinə yetirməyə çalışırlar.

31 Mart soyqırımının dünyada tanıdılması istiqamətində dövlət tərəfindən lazımi işlər görülür. Lakin soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında ən yaxşı yol hadisə ilə bağlı materialların xarici mətbuat orqanlarında yayılmasıdır. Bununla bağlı kampaniya başladılsa daha yaxşı olar. Azərbaycan xalqının başına gətirilən müsibətlərin digər ölkələrə çatdırılmasında həm KİV, həm də QHT-lər hər zaman öz sözlərini deməlidirlər. Bu, mütləqdir".

Bütün xəbərlər Facebook səhifəmizdə