“Qafqaz İslam Ordusu Cümhuriyyət dövrü mətbuatında”

“Qafqaz İslam Ordusu Cümhuriyyət dövrü mətbuatında”

Martın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu nəzdindəki dissertasiya şurasının 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan iclası keçirilib.

SİA-nın xəbərinə görə, tədbirdə 31 mart soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla anılıb.

Dissertant Akif Aşırlının tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Qafqaz İslam Ordusu Cümhuriyyət dövrü mətbuatında" mövzusunda təqdim etdiyi dissertasiya müdafiə olunub. Dissertasiyada 1918-ci ilin mayından-dekabrınadək olan dövrdə Azərbaycanda cərəyan etmiş hadisələr tədqiq olunur.

Dissertasiya işinin əsas məqsədi Azərbaycan dövlətçiliyinin və ərazi bütövlüyünün təmin olunmasında müstəsna xidmətləri olan Qafqaz İslam Ordusunun formalaşması, fəaliyyəti və ləğvi proseslərinin, Qafqaz İslam Ordusunun hərbi uğurlarında Azərbaycan xalqının, könüllü xalq dəstələrinin, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Həbib bəy Səlimov kimi görkəmli hərb xadimlərimizin fəal iştirakının, 1918-ci ilin may-noyabr ayları ərzində Azərbaycanda hərbi-siyasi şəraitin müxtəlif ideya istiqamətli mətbuat orqanlarında əksinin tarixi-elmi təhlilini verməkdən ibarətdir. Bu məqsədlə həmin dövrdə nəşr olunan bütün qəzetlər dərindən araşdırılmış və hadisələrin real mənzərəsini yaratmağa cəhd göstərilmişdir.

Dissertantın elmi rəhbəri Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov müdafiə olunan dissertasiyanın yüksək səviyyədə yazıldığını bildirib.

Təqdim olunan dissertasiya 1918-ci ilin may-dekabr ayları ərzində Azərbaycanın istiqlal savaşında bolşevik-daşnak və ingilis hərb birləşmələrinə qarşı müharibə aparmış Qafqaz İslam Ordusu hərəkatını dövrü mətbuatın materialları əsasında təhlil edən ilk elmi tədqiqat əsəridir.

Dissertasiya Şurasının iclasında tarixçi-alimlər Fəzail İbrahimli, Cəbi Bəhramov, İradə Bağırova, Firdovsiyyə Əhmədova, Tofiq Mustafazadə, Sevinc Əliyeva, Ədalət Qasımov, Milli Məclisin deputatı Əflatun Amaşov, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid və başqaları çıxış ediblər.

Qeyd edək ki, Tarix İnstitutunun dissertantı Akif Aşırlı "Şərq" qəzetinin baş redaktorudur.

Bütün xəbərlər Facebook səhifəmizdə