“Soyqırımlara son” adlı beynəlxalq konfrans keçirilib FOTO

“Soyqırımlara son” adlı beynəlxalq konfrans keçirilib FOTO

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında "Soyqırımlara son" adlı beynəlxalq konfrans öz işinə başlayıb. SİA-nın məlumatına görə, tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Məhsəti Əliyeva, İranın Təbriz, Gürcüstanın Suxumi Universitetlərinin, Moldova, Türkiyə, Özbəkistan, İsrail ölkələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının alimləri iştirak ediblər.

Nazir müavini İ. Babayev çıxış edərək bildirib ki, bu gün Azərbaycanda və digər müxtəlif ölkələrdə azərbaycanlıların soyqrımı günü qeyd olunur. Onun sözlərinə görə, müxtəlif tədbirlərdə baş vermiş hadisələr yenidən vərəqlənir və müzakirələrə çıxarılır: "Bu gün bir çox ölkələrdə qeyri-stabil mühit formalaşıb. Qaynar nöqtələrin sayı artmaqdadır. Hansısa qüvvələrin maraqları çərçivəsində aparılan siyasət nəticəsində milli etnik, irqi təmizləmə və soyqırımları baş verir. Problemlərlə daha çox gənclər üzləşir. Ona görə, soyqırımı məsələsi yalnız tarixçilərə aid deyil. Bu, dövlət qurumlarının, ictimai təşkilatların gündəmində olmalıdır".

Nazir müavini qeyd edib ki, 1918-ci ilin mart ayında ermənilərin quldur dəstələri 10 minlərlə soydaşımızı qətlə yetiriblər: "Ermənilərin bu siyasəti müasir dövrdə Xocalı soyqırımı hadisəsinə gətirib çıxarıb. 1918-ci il mart ayında baş verən soyqırımından sonra uzun zaman Sovetlər İttifaqında yaşamışıq. O zaman bu hadisələr ümumiyyətlə müzakirələrdən çıxarıldı, dərsliklərdə "soyqırımı" sözü digər sözlərlə əvəz olundu. Müstəqil dövlətimiz qurulandan sonra Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə bu hadisələr dövlət səviyyəsində tanındı. Bu gün alimlərimiz, tədqiqatçılarımız bu istiqamətdə kifayət qədər işlər aparırlar".

PA-nın İctimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Məhsəti Əliyeva çıxışında müxtəlif millətlərə və azərbaycanlılara qarşı törədilən soyqırımılarını xatırladıb: "Keçmişi öyrənmədən sağlam gələcək qurmaq mümkün deyil. Keçmiş gələcəyin bünövrəsi, gələcək isə keçmişin davamıdır. Keçmişinə sahib çıxmayan xalqlar gələcəyin qurbanına çevrilirlər. Bəziləri keçmişə baxmağa cəsarət etmir. Belə xalqlar arasında erməniləri göstərə bilərik. Onlar ləkəli keçmişləri ilə qarşılaşmaqdan qorxurlar. Azərbaycan xalqı gələcəyinə inam və ümidlə baxdığı kimi, keçmişi də təmiz və fərəhlidir. Xalqımızın tarixində çətin günlər çox olub. Lakin heç zaman ümidsizliyə qapılmamışıq. Biz tolerant olaraq qalmışıq. Tarix yaradan və tarix yazan xalqlar var. Azərbaycan xalqı bütün dövrlərdə tarix yaradıb. Amma bu tarixin sənədə köçürülməsinə diqqət yetirilməyib. Başqalarının yazdığı tarix isə ya saxtalaşdırılıb, ya da təhrif olunub. Xalqımız soyqırımlara məruz qalıb, torpaqlarımız işğal olunub. Mart soyqırımında isə 50 minə yaxın azərbaycanlı qətlə yetirilib. Bu soyqırımlarından nəticə çıxarmalıyıq".

Daha sonra konfransda iki paneldə müzakirələr başlayıb.

Birinci paneldə "Soyqırımların dünya xalqlarının tarixində və dünyanın siyasi xəritəsində buraxdığı izlər. Tolerantlıq və multikulturalizm soyqırıma əks təsir faktoru kimi", ikinci paneldə isə "Soyqırımların tarixi və soyqırımlara qarşı mühafizənin hüquqi aspektləri. Beynəlxalq cinayət ədalət mühakiməsi və soyqırımı" mövzuları ətrafında dinləmələr və müzakirələr olub.

Qeyd edək ki, konfransın keçirilməsində əsas məqsəd beynəlxalq hüquq normalarını və BMT konvensiyalarını rəhbər tutaraq, gənclər arasında dünyada baş vermiş soyqırımlar haqqında həqiqətlərin daha da geniş yayılması işində beynəlxalq ekspertlərin imkanlarından istifadə etmək və bununla da soyqırımlarına qarşı təbliğat işlərinin elmi səviyyədə genişləndirilməsinə dəstək verməkdir.

Beynəlxalq konfransdan gözlənilən nəticələrə gəldikdə isə, əsas məqsəd tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, saxta, qondarma uydurmaların ifşa olunması, tarixi ədalətin bərpası üçün gənclər arasında məlumatlandırmanı artırmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə