Turizm sahəsində olan problemlər AÇIQLANDI

Turizm sahəsində olan problemlər AÇIQLANDI

"Mədəniyyət və Turizm Nazirliyinin elə bir səlahiyyəti yoxdur ki, hansısa bir şirkət, hotel və ya restoranın qiymətlərini aşağı salsın. Çünki Azərbaycanda bu sahədə sərbəst bazar şəraiti mövcuddur". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib.

Nazir müavini bildirib ki, qiyməti yuxarı olan restorana gələn müştəri ikinci dəfə ora üz tutmaz: "Bu da təbii ki, biznes itirməsi deməkdir. Yəni biznesi itirən restoran və ya otel qiymətlərin yuxarı olmasını düşünməlidir. Lakin bizə bu məsələdə devalvasiya kömək etdi. Xarici valyuta ilə müqayisədə Azərbaycanda qiymətlər daha cəlbedicidir. Novruz bayramından əvvəl Gürcüstanda olan qiymətlərlə Azərbaycan otellərində olan qiymətləri yanaşı qoyduqda, 5 ulduzlu seqmentdə Bakıda olan brend hotellərin qiyməti 3-4 dəfə, 4 ulduzlu seqmentdə isə 2 dəfə ucuzdur. Ölkədə bu sahədə problem 2-3 ulduzlu otellərin az olmasıdır. Gürcüstanda bu cür otellərin qiyməti daha ucuzdur. Ona görə də bununla bağlı təklif çox zəifdir. Çünki 2-3 ulduzlu otellərin tikilməsinə indiyə kimi holdinq və ya sahibkarlar böyük maraq göstərməyiblər. Onlar o qədər də cəlbedici görsənməyib. Halbuki 2-3 ulduzlu otelə qoyulan investisiya daha tez qaytarılır, nəinki çox ulduzlu otellərə. Buna görə də düşünürəm ki, az ulduzlu otellərlə bağlı çalışmaq lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə