Nazir müavini: "Bu il ölkəyə daha çox turist gəlməyə başlayıb"

Nazir müavini: "Bu il ölkəyə daha çox turist gəlməyə başlayıb"

"Novruz bayramı ərəfəsində Azərbaycana gələn iranlı turistlərlə bağlı bizdə dəqiq statistika yoxdur. Ona görə də bununla bağlı Dövlət Sərhəd Xidmətinə sorğu göndərilib və yaxın günlərdə cavab veriləcək". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib.

Onun sözlərinə görə, burada ölkəyə on minlərlə turistin gəlməsindən söhbət gedir: "Belə ajiotaj 2011-ci ildə də də qeydə alınmışdı. Bu il də həmin göstərici qeydə alındı. Burada da təbii ki, müxtəlif faktorlar rol oynayıb. Ölkədə baş verən ikinci devalvasiyadan sonra dollar müqabilində biz daha cəlbedici və rəqabətə dözümlüyük. Bu məsələdə eyni zamanda, viza verilməsi prosedurunun sadələşdirilməsi də böyük rol oynayıb. Xüsusilə İrandan gələn turistlər üçün dil baryeri məsələsi də yoxdur. Onlar sərbəst Azərbaycan dilində danışdığından heç bir problem olmur. Qonşu ölkələrlə İranı müqayisə etdikdə bu, əsas faktorlardan biridir. Ona görə də bu faktorlar səbəbindən ölkəyə bu il daha çox turist gəlməyə başlayıb".

N. Səmədov qeyd edib ki, bu il həmçinin, Rusiyadan gələn turistlərin sayında da artım olub: "Təbii ki, bununda bir çox obyektiv və subyektiv səbəbləri olub. Biz obyektiv faktorlara əsaslanaraq öz işimizi təşkil edirik. Bildiyiniz kimi, Moskvada bizim rəsmi nümayəndəliyimiz də açılıb və onlar da bu prosesdə fəal şəkildə iştirak edirlər. İndidən artıq Rusiya vətəndaşlarının ölkəmizə axınından danışa bilərik. Əvvəllər ordan-burdan biznes məqsədi ilə Azərbaycana gələn var idisə, indi sırf səyahət xarakterli səfərlər çoxluq təşkil edir. Bu gün üçün Rusiyadan gələnlərin sayında da artım müşahidə olunur. Əgər ötən ilin statistikasına nəzər salsaq, təxminən 30-40 faiz artım qeydə alınıb. Hər ayın sonu üçün aldığımız statistikaya baxdıqda isə görürük ki, həm say, həm də turizm sənayesindən əldə olunan məlumatlar ölkəmizə turizm marağının geniş olduğunu sübut edir. Biz onlar üçün artıq bahalı istiqamət deyilik. Burda da təbii ki, subyektiv səbəblər var. Çünki bu gün dünyada hansı proseslərin cərəyan etdiyini hər kəs bilir. Misal olaraq, Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi, eyni zamanda Avropa ilə təhlükəsizlik problemləri buna əyani sübutdur. Ona görə də çalışırıq ki. bu məsələdə əlimə düşən fürsəti lazıminca istifadə edə bilək. Çalışmalıyıq ki, ölkəyə turist axını davamlı olsun".

Bütün xəbərlər Facebook səhifəmizdə