"Cənubi Azərbaycan: 1918-ci il soyqırımı"

"Cənubi Azərbaycan: 1918-ci il soyqırımı"

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 31 mart soyqırımına, eyni zamanda da institutun elmi Cənubi Azərbaycan şöbəsinin elmi işçisi Həsən Səfərinin "Cənubi Azərbaycan: 1918-ci il soyqırımı" adlı monoqrafiyasının təqdimatına həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdən öncə soyqırımı qurbanlarının, Vətən yolunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açıq elan edən Şərqşünaslıq İnstitutunun direktoru, professor Gövhər Baxşəliyeva mənfur qonşularımız tərəfindən Azərbaycan xalqına qarşı hələ XX əvvəllərindən başlayaraq törədilən kütləvi soyqırımılar barədə danışıb. Bildirib ki, 1905-ci il, 1914-1918- ci illərdə, 1948-1953-cü illərdə və nəhayət 1988-1992-ci illərdə ermənilər tərəfindən xalqımıza qarşı amansız soyqırımı aktları törədilib, minlərlə soydaşlarımız öz ata-baba yurdlarından deportasiya edilib, onlara qarşı kütləvi təqiblər aparılıb: "Azərbaycan müstəqillik qazandıqdan sonra Ümummilli lider Heydər Əliyev 1918-ci il 31 mart soyqırımına hüququ qiymət verib və 1998-ci ildən bu yana hər il qəbul edilən tədbirlər planına uyğun olaraq soyqırımı günü kim qeyd olunur. Təəssüflər olsun ki, sovet hakimiyyəti illərindən tarixi həqiqətlərimizi, soyqırımı dəhşətlərini tədqiq edən alimlərimizə qarşı ciddi təzyiq və təqiblər olub. Amma indi ölkəmiz müstəqildir və biz öz tarixi həqiqətlərimizi tədqiq edir, araşdırır və sənədlərdə əks etdiririk".

Çıxış edən akademiyanın İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova tarixi həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılması və təbliği üçün belə kitabların nəşrinin önəmli olduğunu söyləyib.

Sonda tədbir iştirakçıları Həsən Səfərinin "Cənubi Azərbaycan: 1918-ci il soyqırımı" adlı monoqrafiyası ilə tanış olublar.

Qeyd edək ki, kitabda Birinci Dünya Müharibəsinin gedişində Qərb dövlətləri, eləcə də, Rusiyanın köməyi ilə yaradılan birləşmiş erməni silahlı dəstələri tərəfindən Cənubi Azərbaycanın qərb bölgəsində 200 minə qədər azərbaycanlının soyqırımına məruz qalması araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə