Maştağa-Bilgəh avtomobil yolunun tikintisi işlərinə başlanılıb

Maştağa-Bilgəh avtomobil yolunun tikintisi işlərinə başlanılıb

Bakı şəhəri Sabunçu rayonunun Maştağa-Bilgəh avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sözügedən avtomobil yolunun tikintisi işlərinə başlanılıb. Bu barədə SİA-ya "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, 63 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən yolun tikinti işlərinə Bilgəh qəsəbəsi, sahilyanı ərazidən Maştağa qəsəbəsi istiqamətinə doğru start verilib. Tikinti işlərinin aparıldığı ərazilərdə hissə-hissə avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılır. Xeyli müddətdir ki, baxımsız vəziyyətdə olan yolun ümumi uzunluğu 9 km, hərəkət hissəsinin eni isə 7 m-dir. Tikinti işləri çərçivəsində yolun eni 9 m-ə qədər genişləndirilir. Bundan başqa yol boyu zəruri olan yerlərdə yol yatağının deformasiyaya uğramış hissələri qazılaraq çıxarılır, yeni yol yatağı salınır. Eyni zamanda tikinti işləri çərçivəsində köhnə-asfalt beton örtüyünün üst qatı frez maşınları vasitəsi ilə qaşınaraq ərazidən daşınır. Bunun əvəzinə isə yeni asflat-beton örtüyünün döşənməsi işləri aparılır.Ümumilikdə yol boyu 81 min m2 sahəyə 2 qat olmaqla müasir standartlara cavab verən yeni asfalt-beton örtüyü döşənəcək.

Bildirilib ki, Maştağa-Bilgəh avtomobil yolunun kənarlarına 18 min p/m yeni səki daşlarının düzülməsi, həmçinin zəruri olan yerlərdə 2-3 metr enində piyada səkilərinin tikintisi işləri də aparılır. Yolda işıqlandırma sisteminin də qurulması nəzərdə tutulub. Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq. Avtomobil yolunun yenidən qurulması ilə avtonəqliyyat vasitələrinin yeni tikilən Dənizkənarı Dairəvi yoluna və əksinə rahat və maneəsiz çıxışı təmin olunacaq.

Qeyd edək ki, bütün işlər "Azəravtoyol" ASC rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə aparılır və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə