Azərbaycanlı alim nüfuzlu "Jean Monnet Kürsüsü Sahibi" mükafatına layiq görülüb. SİA-nın verdiyi xəbərə görə, azərbaycanlı alim və ali məktəb müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Muxtar Hacızadə elmi-pedaqoji fəaliyyəti və Avropa inteqrasiyası ixtisasının tədrisi üzrə peşəkarlığı sayəsində dünya miqyasında nüfuzlu "Jean Monnet Kürsüsü Sahibi" tituluna layiq görülüb. "Jean Monnet Kürsüsü Sahibi" elmi-pedaqoji titul olmaqla Avropaşünaslıq üzrə ixtisaslaşan dünya alim və pedaqoqlarının apardığı tədrisin keyfiyyəti və innovativliyini qiymətləndirməyə xidmət edir.
"Jean Monnet Kürsüsü Sahibi" mükafatı alimlərin Avrointeqrasiyaya aid tədris və araşdırmalarını dəstəkləmək məqsədilə qlobal səviyyədə keçirilən beynəlxalq müsabiqə əsasında Avropa Komissiyası tərəfindən üç illik bir müddətə verilir.
Muxtar Hacızadə "Jean Monnet Kürsüsü Sahibi" mükafatını alan ilk və yeganə azərbaycanlıdır.
Məlumat üçün bildirək ki, Muxtar Şakir oğlu Hacızadə 1984-cü ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə Bakı şəhərinin Səbail rayonundakı 190 nömrəli orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə Fakultəsinə daxil olub, 2005-ci ildə beynəlxalq münasibətlər ixtisası üzrə məzun olub. 2005- ci ildə dövlət xətti ilə İstanbul Universitetinə daxil olub, 2007-ci ildə həmin universitetin Sosial Elmlər İnstitutunu bitirərək, Beynəlxalq Münasibətlər ixtisası üzrə magistr elmi dərəcəsi alıb. Azərbaycanın 2009-cu ilin ikinci yarısında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrlik etdiyi dövrdə keçirilən xarici işlər nazirliklərini təmsil edən Yüksək Vəzifəli Şəxslər Komitəsi və QDİƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının 21-ci iclaslarının təşkilat komitəsinin üzvü olub. 2007-ci ildə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Lester Universitetində doktoranturaya (PhD) daxil olub, 2012-ci ildə "Geniş Qara Dəniz Bölgəsində Kompleks Regionlaşma" mövzusu üzrə dissertasiya müdafiə edərək, Siyasi Elmlər üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi alıb. Eyni zamanda, 2010-cu ilin oktyabr-dekabr aylarında Brüsseldə yerləşən və nüfuzlu beyin mərkəzi olan Avropa Siyasi Araşdırmaları Mərkəzində (CEPS) qonaq elmi işçi kimi fəaliyət göstərib. 2012-ci il ərzində Lester Universitetinin Sənət, Humanitar və Hüquq Kollecinin böyük elmi işçisi olub. Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) tərəfindən keçirilən Xarici Tədqiqatçılar üçün Araşdırma Təqaüdü Beynəlxalq Müsabiqəsinin qalibi olub. Həmin proqramın qalibi kimi 2012-2013-cü akademik ilində Kadir Has Universitetinin Beynəlxalq və Avropa Araşdırmaları Mərkəzində qonaq elmi-işçi olaraq "Qara Dəniz regionunda institutlaşma" adlı tədqiqat mövzusu üzrə işləyib, həmçinin həmin universitetin Beynəlxalq Münasibətlər kafedrasında pedoqoji fəaliyyətlə məşğul olub. Regionalizmin siyasi iqtisadiyyatı, beynəlxalq regionalizmlər, Qara Dəniz regionunda regionlaşma, institutlaşma, subregionalizm, interregionalizm və həmçinin Avropa Birliyinin xarici və qonşuluq siyasəti üzrə ixtisaslaşmaqdadır və bu mövzuları ehtiva edən bir sıra elmi-tədqiqat işlərinin müəllifidir. İndeksli və impakt-faktoru olan beynəlxalq jurnal və kitablarda əsərləri çap olunub. "Şərqi Avropa Siyasəti" ("East European Politics") elmi jurnalında məqalənin, dünya nüfuzlu Ashgate, Routledge, Taylor və Francis Qrupları nəşriyyatları tərəfindən çap olunmuş kitablarda müəyyən fəsillərin müəllifidir. Bundan əlavə, İngiltərədə nəşr olunan "Müasir Avropa Araşdırmaları" ("Journal of Contemporary European Studies") elmi jurnalının rəyçisidir. 2014-cü ilin iyun ayında Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirakı əhatə edən xüsusi layihələrin maliyyələşdirilməsi məqsədi ilə elan edilən "Mobillik qrantı" müsabiqəsinin qalibi olub, iyulun 30- dan avqustun 30-dək Böyük Britaniyanın Bath Universitetində "Geniş Qara Dəniz bölgəsində təhlükəsizlik imperativləri və təhlükəsizlik cəmiyyəti üçün fürsətlər" adlı elmi tədqiqat işi aparmaq məqsədi ilə İngiltərəyə ezam olunub. 2014-cü ilin sentyabrında, ali təhsildə professionallıq baxımından dünyada xüsusi önəmi olan və Avropa Komissiyası tərəfindən qlobal səviyyədə keçirilən beynəlxalq müsabiqə əsasında verilən "Jan Monne Kürsüsü Sahibi" mükafatının Cənubi Qafqaz regionundan yeganə qalibi və bu mükafatın ilk azərbaycanlı laureyatı olub. 2014-2015-ci tədris ilində Azərbaycan Respublikasi Təhsil Nazirliyinin "SABAH" qruplarında dərs demək üçün professor-müəllim heyətinin seçimi üzrə Müsabiqə Komissiyasının üzvü olub. 2013-cü ilin sentyabr ayından etibarən Xəzər Universitetinin Siyasi elm və beynəlxalq münasibətlər kafedrasının müdiri vəzifəsində işləyir. İngiltərədəki Regional Araşdırmalar Assosiasiyasının (RSA), Britaniya Beynəlxalq Araşdırmalar Assosiasiyasının (BISA), Avropa Birliyi-Rusiya Tədqiqat Şəbəkəsinin, Müasir Avropa Tədqiqatları Universitetlər Assosiasiyasının (UACES), Britaniyanın Slavyan və Şərqi Avropa Araşdırmaları Assosiasiyasının (BASEES) üzvüdür. Azərbaycan, rus, ingilis, və türk dillərini bilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB