Turizmin inkişafına mane olan səbəblər... ARAŞDIRMA

Turizmin inkişafına mane olan səbəblər... ARAŞDIRMA

Azərbaycanda turizm sektorunun hərtərəfli inkişaf etməsi üçün münbit şərait olsa da, nədənsə, bu sahənin inkişafı digər sahələrə nisbətən bir qədər geri qalır. Bayram günlərində, xüsusilə yay fəslində ölkədən istirahət üçün xaricə gedənlərin sayı, ölkəmizə gələn turistlərin sayından dəfələrlə çox olur. Azərbaycanın gəzməli görməli yerlərində istirahət etmək istəyən soydaşlaramız belə bu və ya digər səbəbdən üz tuturlar xarici ölkələrə. Səbəbini soruşanda da müxtəlif fikirlər səsləndirirlər. Kimi turizm obyektlərində qiymətlərin baha olmasını, kimi isə istirahət mərkəzlərində müştəriyə göstərilən xidmətin səviyyəsinin aşağı olmasını göstərir. Bir sözlə, ölkəmizdə ümumi iqtisadi vəziyyət sabit olsa da turizm məkanlarında qiymətin baha, xidmətlərin isə aşağı olması bu sahə üçün mənfi hal kimi qiymətləndirilir. Bir tərəfdən dövlət turizmin inkişafı üçün hər cür imkan yaradır, digər tərəfdən yerlərdə suni əngəllər yaradılır.

Hotellərin qarşısında var-gəl edən polislər kimə gəldi ilişirlər

Buna misal olaraq turizm obyektlərində kişinin yanında qadın gördükləri an kəbin kağızının tələb edilməsini, hotellərin qarşısında var-gəl edən polislərin kimə gəldi ilişmələrini, taksi sürücülərinin sayğacdan istifadə etməyib ağlına gələn qiyməti müştəriyə oxumasını, bayram günlərində bankların işləmədiyini görərək dəllalların xaricilərin valyutalarını aşağı kursla dəyişmələrini göstərə bilərik. Nəzərə alsaq ki, Azərbaycanın iqlimi və təbii şəraiti ölkə vətəndaşlarının, həmçinin də xarici qonaqlar üçün olduqca əlverişlidir, müasir dövrdə dünyanı öz qorxu və təhdidi ilə daim gərginlikdə saxlayan terrorizm məsələsində turistlər üçün ən təhlükəsiz ölkə Azərbaycandır, o zaman turizmin inkişafını əngəlləyən səbəblərin aradan qaldırılması məqsədəuyğun olmazdımı?

Qiymətlərin çox baha olması hər kəsi narazı salır

Mövzunun aktuallığını nəzərə alıb apardığımız araşdırma zamanı müşahidə etdik ki, Novruz bayramı ərəfəsində Azərbaycana İran İslam Respublikasından 40 mindən çox turist təşrif buyurub. Bundan başqa digər ölkələrdən də gələn turistlərin sayı da heç də az deyil. Gələn qonaqlar paytaxt Bakının ecazkarlığından ağızdolusu danışsalar da, qiymətlərin bahalığı onların da ovqatını təlx etmişdi. Bu bir faktdır ki, ölkəmizdə turizm qiymətləri göstərilən xidmətlərə uyğun gəlmir. Qiymətlərin çox baha olması hər kəsi narazı salır.

Mövzu ilə əlaqədar SİA-ya açıqlama verən ekspertlər də hesab edir ki, maneələr olduqca çoxdur və bunlar tez bir zamanda aradan qaldırılsa Azərbaycana turistləri cəlb etmək hazırkı məqamda olduqca vacib şərtdir.

Azər Badamov: "Azərbaycanda turizmin inkişafına nail olunmayıb"

Millət vəkili Azər Badamov bildirib ki, turizm sahəsinin inkişaf etdirilməsi ölkəmiz üçün prioritetdir: "Məlumdur ki, bir çox ölkələrin iqtisadiyyatlarının böyük hissəsini turizmdən gələn gəlirlər təşkil edir. Turizmin inkişafı həm iqtisadiyyat, həm də mədəniyyət deməkdir. Hələ 2011-ci idə ölkə prezidenti cənab İlham Əliyev turizm sahəsinin inkişaf etdirilməsi məqsədiylə 2011-ci ili "Turizm ili" elan etmişdi. "Turizm ili" çərçivəsində və ondan sonrakı illərdə Azərbaycanda müasir infrastruktur formalaşmış, turizm sənayesi kifayət qədər inkişaf etmişdir. Ölkəmizin turizm potensialını dünyada təbliğ etmək və tanıtmaq üçün dövlətimiz bir sıra layihələr həyata keçirmişdi. Azərbaycanda keçirilən Avroviziya mahnı yarışması və İlk Avropa İdman Oyunları da Azərbaycan turizminin tanıdılmasında böyük rolu mailik olub. Məhz bunun nəticəsidir ki, ölkəmizə gələn turistlərin sayı ilbəil artır".

Millət vəkili təəssüf hissi ilə qeyd edib ki, Azərbaycanda turizmin tam inkişafına nail olunmayıb: "Turizm bir bazardır. Əgər ölkəmizə turistlərin axınının artmasını, ölkəmizi turizm baxımından cəlbedici ölkə kimi istəyiriksə mütləq olaraq bu sahədə rəqabət yaradılmalıdır. Rəqabət mühiti turizm obyektlərində qiymətləri və xidmətləri nizamlayacaq ki, bu da istirahətə gəlmiş turistlər üçün cəlbedici olacaq. Danılmazdır ki, hələ də çatışmamazlıqlar çoxdur. Buraya turizm obyektlərində qiymətlərin, nəqliyyat vasitələrinin baha olması və bir çox mərkəzlərdə göstərilən xidmətlərin müasir standartlara cavab verməməsini aid etmək olar. Ölkəmizə gələn turistləri ən çox narahat edən məsələlərdən biri də bayram günlərində, şənbə və bazar günləri özləri ilə gətirdikləri valyutanı dəyişdirə bilməmələri ilə bağlıdır. Düşünürəm ki, bununla əlaqədar aidiyyatı qurumlar mexanizm hazırlamalı və məsələnin həllinə çalışmalıdırlar".

Ekspert Vüqar Bayramov: "Turistlərin çoxalması "qara bazarda" dəllalların kifayət qədər böyük məbləğdə gəlir əldə etməsinə imkan yaratdı"

İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, bayram günlərində bankların işləməməsi təbii ki, "qara bazarın" yaranmasına səbəb olub: "Ölkəyə gələn turistlərin sayının çoxalacağını nəzərə alaraq Mərkəzi Bank öncədən qabaqlayıcı tədbirlər görməli idi. Təəssüf ki, Mərkəzİ Bank bu istiqamətdə heç bir addım atmadı ki, nəticədə bu il xaricdən gələn, xüsusilə də İrandan Azərbaycana gələn turistlər ciddi problemlərlə qarşılaşdı. Onların bir qismi "qara bazara" üz tutdu, digər bir qismi isə otel işçiləri vasitəsilə valyutalarını dəyişməyə çalışdılar və bu da valyutalarının aşağı məzənnə ilə dəyişdirilməsi ilə nəticələndi. Yəni turistlərin sayının çoxalması "qara bazarda" olan dəllalların kifayət qədər böyük məbləğdə gəlir əldə etməsinə imkan yaratdı. Əvvəla birmənalı şəkildə bütün valyuta dəyişmə məntəqələrinin ləğv edilməsi doğru deyildi. Öncədən də proqnozlaşdırmışdıq ki, bu, "qara bazarın" yaranmasına deyil, əslində təşviq edilməsinə gətirib çıxaracaq və bu, belə də oldu. Təklif edirik ki, bir sıra banklara Mərkəzi Bank tərəfindən valyuta dəyişmə məntəqələrinin fəaliyyət göstərməsi hüququ verilməlidir. Bununla bağlı tender elan olunmalı və həmin tenderə müraciət edən banklar arasında seçim edilməlidir. Bu da bayram günlərində belə turistlərin, o cümlədən də vətəndaşlarımızıın öz valyutalarını dəyişməyə gətirib çıxaracaq. Bundan başqa beynəlxalq avtovağzalda, dəmiryol vağzalında valyuta dəyişmə məntəqələrinin fəaliyyət göstərməsinə icazə verilməlidir. Bu, olduqca vacibdir. Çünki şənbə və yaxud bazar günləri ölkəyə gələn turist belə bir problemlə qarşı-qarşıya qalmamalıdır. Əgər bu cür əngəllər aradan qaldırılmasa, o zaman gələcəkdə ölkəyə gələn turistlərin sayının kəskin şəkildə azalması müşahidə ediləcək.

Ekspert Fikrət Yusifov: "Bazardakı valyuta möhtəkirləri bu dəfə də Mərkəzi Bankın peşəkar mütəxəssislərindən daha uzaqgörən oldular"

"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov isə deyib ki, bayram günlərində hər zaman olduğu kimi ölkəmizə gələn turistlərin sayında çoxluq müşahidə ediləcəyi əvvəlcədən məlum olduğu üçün Mərkəzi Bank bu vəziyyəti öncədən dəyərləndirməli və məsələnin normal tənzimlənməsi üçün müvafiq tədbirlər görməli idi: "Həmin günlər banklar və yaxud da onların filialları növbəli şəkildə valyuta dəyişmə missiyasını yerinə yetirmək üçün işləməliydilər. Müşahidə edildi ki, bayram günlərində xarici turistlər bu məsələdə çox ciddi çətinliklərlə üzləşdilər. Bu vəziyyət "qara bazar" dəllalarının əl-qolunu açdı desək yanılmarıq. Araşdırmalar göstərdi ki, valyuta möhtəkirləri yaranmış vəziyyətdən istifadə edərək bəzi hallarda turistlər üçün valyutanı 1 dollar = 1 manat 40 qəpik məzənnəsi ilə dəyişməyə müvvəffəq olublar. Nə qədər qəribə olsa da bazardakı valyuta möhtəkirləri bu dəfə də Mərkəzi Bankın peşəkar mütəxəssislərindən daha uzaqgörən oldular".

Biz turizm sahəsində olan bəzi çatışmamazlıqları göstərdik. İnanırıq ki, müvafiq qurumlar məsələni daha dərindən araşdırıb,müvafiq tədbirlər görəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə