Azərbaycanlı Qazaxıstan parlamentinə üzv seçildi FOTOLAR

Həmvətənimiz Qazaxıstan tarixində bir ilkə imza atdı
Azərbaycanlı Qazaxıstan parlamentinə üzv seçildi FOTOLAR

Azərbaycanlı, əslən Naxçıvandan olan Məhərrəm Məhərrəmov Qazaxıstan parlamentinə deputat seçilib. SİA-nın Qazaxıstan və Orta Asiya bürosundan verilən məlumata görə, bununla da müstəqil Qazaxıstan tarixində ilk dəfə olaraq Məhərrəm Məhərəmov ölkə parlamentinə düşə bilib.

O, Kommunist Partiyasının Almatı vilayətinin birinci katibi kimi keçirilən seçkilərdə 7 faizlik baryeri aşaraq partiyanın siyahısı əsasında uğur qazana bilib. Yeri gəlmişkən, daha bir azərbaycanlı Maarif Fərəcov Almata şəhərinin rayonlardan birinin yerli özünü idarəetmə orqanı olan Maslixatın üzvü seçilib. Bununla da ümumi seçkilərdə deputat adını qazanan azərbaycanlıların sayı 6-ya çatıb. Bütün bunlar isə Azərbaycanla Qazaxıstan arasında siyasi əlaqələrin inkişafının təzahürüdür.

Qeyd edək ki, 4-cü çağırış Parlament seçkilərində 1 azərbaycanlı, 5-çi çağırış iki azərbaycanlı, 6-cı çağırışda 5 azərbaycanlı Maslixata, 1-i isə Parlamentə üzv seçilib. Yerli siyasi analitiklər bunu Azərbaycan icmasının Qazaxıstan cəmiyyətinə uğurlu inteqrasiyası kimi qələmə verirlər. Digər tərəfdən bu, Qazaxıstan xalqının Azərbaycan icmasına etimadı kimi dəyərləndirilməlidir. Yeri gəlmişkən xatırladaq ki, Qazaxıstanda parlament və vilayət maslixatına növbədənkənar seçkilərdə namizədliyi irəli sürülən soydaşlarımızdan Qazaxıstanın Manqıstau vilayətinin Aktau şəhərində Şəmsəddin Hüseynov, Karaqanda vilayətinin Temirtau şəhərində İntiqam Abışov, Qazaxıstanın Uralsk şəhərində Nəcəf Məmmədov, Qərbi Qazaxıstan vilayətində Ənvər Ağayev keçirilən seçkilərdə şəhər maslixatının üzvü seçilməklə deputat mandatını əldə ediblər. Qeyd edək ki, maslixat Qazaxıstanda yerli özünüidarə orqanıdır.

Fadil Tahiroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə