DSX-nın N saylı hərbi hissəsində “Valideyn günü” FOTOLAR

DSX-nın N saylı hərbi hissəsində “Valideyn günü” FOTOLAR

Şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin daim yüksək səviyyədə saxlanılması məqsədilə Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi hissə və bölmələrində müntəzəm olaraq tərbiyəvi və mədəni-kütləvi tədbirlər keçirilir. Novruz bayramı ərəfəsində təşkil edilən tədbirlər çərçivəsində keçirilən "Valideyn günləri" şəxsi heyətin təlim-tərbiyəsində, mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsində, xidməti vəzifələrin icrasına məsuliyyət hissinin daha da artırılmasında mühüm əhəmiyyət kəsb edir.

Belə "Valideyn günləri"ndən biri DSX-nin Yevlax rayonu ərazisindəki N saylı hərbi hissəsində təşkil olunub. DSX rəhbərliyinin, Yevlax Şəhər İcra Hakimiyyəti əməkdaşlarının, hərbi hissədə xidmət edən əsgərlərin valideynlərinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni oxunub.

Tədbirin rəsmi hissəsində çıxış edən DSX rəisi - Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev Novruz bayramı münasibətilə hərbi hissənin şəxsi heyətini və qonaqları təbrik edib. E.Quliyev 2011-ci ildən başlayaraq DSX-nin hərbi hissə və bölmələrində keçirilən və artıq ənənəyə çevrilmiş "Valideyn günləri"nin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə təlim-tərbiyə işinin səmərəliliyinin yüksəldilməsi, hərbi kollektivdə sağlam mənəvi mühitin yaradılması və valideyn, əsgər və hərbi hissə arasında əlaqələrin daha da möhkəmləndirilməsində əhəmiyyətini yüksək qiymətləndirib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Vətənimizin sərhədlərinin mühafizəsinə göstərdiyi diqqət və qayğı nəticəsində sərhəd mühafizə sisteminin təkmilləşdirilməsi istiqamətində qazanılan uğurlardan danışan DSX rəisi bildirib ki, bütün hərbi hissələrin müasir silah və texnika ilə təmin olunması, yeni hərbi hissələrdə və sərhəd bölmələrində lazımi şəraitin yaradılması nəticəsində Vətənimizin sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi istiqamətində yüksək nailiyyətlər əldə olunub.

"Hərbi hissələrdə şəxsi heyətin sosial şəraitinin yüksək səviyyədə təmin edilməsi bilavasitə intizama, yüksək döyüş hazırlığına müsbət təsir göstərən əsas amillərdəndir. Prezident, Ali Baş Komandan İlham Əliyevin qarşımıza qoyduğu ən mühüm vəzifələrdən biri şəxsi heyətin sosial şəraitinin yaxşılaşdırılması və döyüş hazırlığının yüksəldilməsidir", - deyə Elçin Quliyev bildirib.

Sonra nümunəvi xidmət edən əsgərlər fəxri fərmanlarla, "Xidmətdə fərqlənmiş sərhədçi" döş nişanları ilə, qiymətli hədiyyələrlə təltif olunub, onların valideynlərinə "təşəkkür məktubları" təqdim edilib.

Xüsusi təyinatlı qrup döyüş bacarığını nümayiş etdirib, hərbi hissənin şəxsi heyəti təntənəli marşın sədaları altında tribuna önündən keçib.

Qonaqlar sonra hərbi hissədə yaradılan xidmət və məişət şəraiti ilə tanış olublar. Sərhədçilər üçün yaradılmış şərait barədə qonaqların təklif və rəyləri dinlənilib, dövlət sərhədinin mühafizəsinin təşkilində valideynlərin və hərbi kollektivin üzərinə düşən vəzifələr barədə fikir mübadiləsi aparılıb. Valideynlər hərbi hissədə yaradılan xidmət və məişət şəraitindən razı qaldıqlarını bildirib, sərhədçi əsgərlərə tövsiyələrini veriblər.

Valideynlər əsgər yeməkxanasında övladları ilə birgə nahar etdikdən sonra Yevlax şəhər mədəniyyət evi və DSX Zabitlər Evinin "Sərhədçi" vokal-instrumental ansamblının ifasında konsert proqramı nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə