Bəzi kütləvi informasiya vasitələrində Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində sahibkar Yaşar Babayevin külli miqdarda pul vəsaitlərinin hədə-qorxu ilə tələb olunması və sair faktlar üzrə ibtidai istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs Ramil Qədimovun atası Tahir Qədimovun, oğlunun guya ləğv olunmuş MTN əməkdaşları tərəfindən oğurlanması, böhtana məruz qalaraq qanunsuz həbs olunması, eləcə də qeyd edilən idarənin müstəntiqi İbrahim Ləmbəranski tərəfindən qeyri-obyektiv istintaq aparılmasına dair informasiyalar dərc edilib.
SİA xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, həmin informasiyalar həqiqəti əks etdirmədiyindən, həmçinin T.Qədimovun iddiaları əsassız olduğundan Baş Prokurorluq tərəfindən qəti şəkildə təkzib olunur və R.Qədimovun cinayət məsuliyyətindən yayındırılması məqsədi daşıyır.
Qeyd olunanlarla əlaqədar bildirilir ki, haqqında söhbət gedən cinayət işi Xəzər rayonu, Buzovna qəsəbəsində daşınmaz əmlakların alğı-satqısı ilə məşğul olan sahibkar Yaşar Babayevin özlərini ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları kimi təqdim edən bir qrup şəxslər tərəfindən külli miqdarda pul vəsaitlərinin hədə-qorxu ilə tələb olunmasına dair şikayət ərizəsi əsasında həmin nazirlik tərəfindən aparılmış araşdırma materialları əsasında 2015-ci il sentyabrın 29-da Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə başlanıb və istintaqın aparılması idarənin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi İ.Ləmbəranskiyə həvalə olunub.
İstintaqla müəyyən edilib ki, Kəlbəcər rayonunun Çərəkdar kəndində qeydiyyatda olmaqla Gəncə şəhərində məskunlaşmış Ramil Qədimov 2015-ci ilin sentyabrında Bakı şəhərində daşınmaz əmlakların alğı-satqısı ilə məşğul olan Yaşar Babayevin hədə-qorxu ilə külli miqdarda pul vəsaitini ələ keçirmək məqsədilə bir qrup şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, özünü imkanlı şəxs kimi nümayiş etdirmək üçün avtomobillərin kirayəyə verilməsi ilə məşğul olan şəxsdən "Range Rover Sport" markalı avtomobili kirayəyə götürüb. Həmçinin cinayətkar qrup üzvü vasitəsilə mobil telefon nömrələri əldə edərək 2015-ci il sentyabrın 16-da qrupun digər üzvü Vüqar Həsənovun öyrənib ona verdiyi Yaşar Babayevin istifadəsində olan telefon nömrəsinə zəng vurub özünü Dövlət Neft Şirkətində işləyən "Elnur" adı ilə təqdim edərək 1 hektar torpaq sahəsi almaq istədiyini bildirib. Bundan sonra sonuncunun iş yoldaşları İsmayıl Əsgərov və Nurəddin Aydınovla görüşüb, Buzovna və Qala qəsəbələrində yerləşən torpaq sahələrinə baxaraq guya 200 min manat müqabilində Buzovna qəsəbəsindən 8 sot, Qala qəsəbəsindən isə 1 hektar torpaq sahələrini almağı razılaşdırıb. Həmin pulun 50 min manat hissəsini beh kimi ödəmək adı ilə 2015-ci il sentyabrın 17-də qrup üzvləri və şəxsiyyəti istintaqla müəyyənləşdirilən "Samir" adlı şəxslə birlikdə Bakıxanov qəsəbəsində Yaşar Babayevlə görüşüb sonuncunu kirayəyə götürdüyü "Range Rover Sport" markalı avtomaşına əyləşdirdikdən sonra, özünü və avtomaşında olan digər qrup üzvlərini özbaşına vəzifəli şəxs kimi təqdim edərək ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin xüsusi şöbəsinin əməkdaşları olduqlarını bildirib. Daha sonra Yaşar Babayevin hüquqlarını və qanuni mənafelərini əhəmiyyətli dərəcədə pozub hərəkət sərbəstliyini və azadlığını məhdudlaşdırmaqla istifadəsində olan mobil telefonlarını alıb. Sonra avtomobili ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin inzibati binasının qarşısına sürərək qeyri-qanuni torpaq alveri ilə məşğul olduğuna görə həbs olunacağı, ofis və avtomobilinə narkotik vasitələr yerləşdirəcəyi, barəsində rüsvayedici məlumatlar yayacağı, təcridxanaya salınmaqla şəxsiyyəti üzərində zor göstəriləcəyi hədəsi ilə ondan 100 min manat məbləğində pul tələb edib.
Yaşar Babayevin 30 min manat məbləğində pul verə biləcəyini bildirməsindən sonra, onu Bakıxanov qəsəbəsinə gətirərək avtomaşından düşürüb qrup üzvü Vüqar Həsənova zəng vuraraq bu barədə məlumat verib. Sonrakı günlərdə də 2015-ci il sentyabrın 28-dək onunla telefon əlaqəsi saxlamaqla və SMS mesajları göndərməklə pulu ödəməyəcəyi təqdirdə gecə ilə zorla evindən götürülüb həbs olunacağını bildirib, hədələrini israrla davam etdirib. Həmçinin razılaşdırdığı 30 min manat pulun ilkin ödəniş 10 min manat olmaqla "Bank Respublika" açıq səhmdar cəmiyyətinin Gəncə şəhərindəki filialında öz adına açılmış hesablaşma hesabına hissə-hissə ödənilməsini bildirməklə, özgənin külli miqdarda əmlakını hədə-qorxu ilə tələb edib.
Qeyd olunan xüsusatlar Ramil Qədimov, Vüqar Hüseynov, zərər çəkmiş şəxs Yaşar Babayev, şahidlər İsmayıl Əsgərov, Nurəddin Aydınov, Zaur Məmmədov və digərlərinin ifadələri, tanınma, üzləşdirmə, ifadələrin yerində yoxlanılması protokolları, mobil telefon nömrələrinin izahlı qaiməsi, antena göstəriciləri və SMS mesajlarının yazılı mətnlərinə baxış, cinayətin predmeti olan pul vəsaitlərinin ödənilməsi üçün Ramil Qədimov tərəfindən bank hesabının açılmasını təsdiqləyən sənədlər və sair sübutlarla təsdiq olunub.
Ramil Qədimov və Vüqar Hüseynov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
İ.Ləmbəranskinin Pirallahı rayon prokuroru vəzifəsinə təyin olunması ilə əlaqədar həmin cinayət işinin istintaqı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin digər əməkdaşına tapşırılıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi vəzifəsində işləmiş Elçin Quliyevin İbrahim Ləmbəranski ilə qohum olması barədə KİV-lərdə yayılmış informasiyalar həqiqəti əks etdirmir. (Azərtac)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB