Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan qədim el bayramımız Novruz şənliyi doğma Azərbaycanımızın hər yerində olduğu kimi, Sumqayıtda da böyük təntənə ilə qeyd edilir. Artıq bir həftədir ki, Sumqayıt şəhərinin ayrı-ayrı məktəblərində, təşkilatlarında Novruz bayramı şənliyi keçirilir. İnsanlar böyük coşqu və mütəşəkkiliklə bu bayramı qeyd edirlər.

17 mart tarixində Azərbaycanın ən qədim kəndlərindən olan Sumqayıt şəhərinin Corat qəsəbəsində milli mənəvi dəyərlərimizi və adət-ənənələrimizi özündə əks etdirən bayram tədbiri keçirildi. Sumqayıt şəhər rəhbərliyinin nümayəndələri tədbirin keçirildiyi ərazidə sakinlərlə görüşüb, onlara şəhər rəhbərliyi və ictimaiyyəti adından bayram təbriklərini çatdırdılar. Bayram tədbirində hər tərəfdə qədim el adət-ənənələrimiz və Novruz rəmzləri olan səməni, müxtəlif şirniyyat nümunələri ilə bəzədilmiş bayram xonçaları və milli mətbəximizin ləziz təamları göz oxşayıb. İncəsənət ustalarının baharı, ölkəmizi tərənnüm edən mahnıları ətrafa yayılaraq bayram şənliyinin iştirakçılarında xoş ovqat yaradırdı. Novruzun gəlişi münasibəti ilə qəsəbənin bayramın əsas atributları olan Bahar qızı, Dədə Qorqud, Keçəl, Kosa və milli geyimdə olan qız və oğlanlar meydana daxil olub insanlara xoş ovqat bəxş etdilər. Sonra meydan meyxanaçılara verildi və onlar Novruz ovqatlı çıxışlarını tamaşaçılara təqdim etdilər. Öz hünərlərini göstərməyə çalışan gənc idmançılar tədbir iştirakçılarına xoş təəssurat bəxş etdilər. Bayram əhval ruhiyyəli çıxışlarda Novruz baharın ilk günü, təbiətin canlanması, torpağın oyanış bayramı kimi vurğulandı. Corat qəsəbə meydanında təşkil olunan tədbirdə atlı dəstələrin və dəvələrin yürüşü iştirakçılar tərəfindən maraqla qarşılandı, yumurta döyüşü, xoruz döyüşü də tədbirə xoş ovqat qatdı. Daha sonra alovlandırılan möhtəşəm Novruz tonqalının hərarəti goratlilara maraqlı anlar yaşadıb. İnsanlar tonqalın ətrafinda rəqs edib, şənləniblər.

Nəsimi pakında möhtəşəm bayram
18 mart tarixində isə Sumqayıtda Novruz bayramı şənliyi Nəsimi adına Mədəniyyət və İstirahət parkida davam etdi. Şəhər sakinləri üçün bu bayram şənliyi bir də ona görə maraqlı idi ki, 1997-ci ildən sonra bu parkda Novruz bayramı şənlikləri keçirilmiridi. Zakir Fərəcov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunandan sonra bir çox ənənələr kimi o, bu ənənəni də bərpa edib. Bu da sumqayıtlıların ürəyincədir. Ona sörə də Nəsimi adına parka həddindən çox insan gəlmişdi. Artıq parkın girəcəyində atlı dəstələri, dəvələr, Bahar qizı və Dədə Qorqudun faytonu görünür. Bahar qızı geyimində Ağdamdan olan balaca köçkün qız Gülay at belində və atası da faytonda parkın girəcəyidə hərərkət edir və tamaşaçılarda böyük maraq yaradırdılar. Pilləkənlərdən düz Xəzər dənizinin sahilinə qədər hər tərəf al-əlvan lentlərlə bəzədilmişdi. Pilləkənlərin dəniz parkına düşən hissəsində Sumqayıt şəhər Uşaq və Yeniyetmələr Mərkəzinin kollektivləri al-əlvan geyimlərdə rəqslər edirdilər. Pilləkəndən düşən kimi bərli-bəzəkli böyük səhnə qurulmuşdu və bu səhnədə peşəkar müğənnilər, musiqiçilər və Sumqayıtın mədəniyyət evlərinin kollektivləri biri birindən maraqlı mahnılar oxuyurdular. Sağ və sol tərəflərdə şəhərin 14, 2,12, 30, 31, 10,11, 18, 15,16 və başqa məktəblərinin, gimnaziyalarının kollektivləri al-əlvan geyimdə öz məharətlərini göstərirdilər. Parkın girəcəyindən başlayaraq sağ və sol tərəflərdə çoxlu bayram xonçaları düzülmüşdü. Sumqayıt şəhər Musiqi Kollecinin, Tibb Kollecinin kollektivləri, Dostluq Mədəniyyət Evinin Təbəssüm uşaq teatrı və Şəhər Mədəniyyət evinin Veteran xor kollektivi, eləcə də musiqi məktəbləri özlərinin könül oxşayam mahnıları ilə bura toplaşanlara böyük zövq verirdilər. Hər tərəfdə xalçalar üstündə qədim duluzçuluq, misgərlik alətləri, samovarlar düzülmüş, al-əlvan çadırlar qurulmuşdu. Çadırların qarşısında çay süfrələri təşkil olunmuşdu. Kəndirbazlar, şəhərin bütün idman kollektivləri də öz məharətlərini göstərirdilər. Sumqayıt Rəsm Qalereyasının və məktəblərin rəsm həvəskarlarının da çəkdiyi bir-birindən maraqlı rəsm əsərləri hər tərəfdə sərgi kimi qoyulmaqla insanlarda böyük maraq yaratmışdı. Şəhər təşkilatlarının bəzəkli xonçaları ətrafında da çoxlu adamlar toplaşıb və bəziləri də stol ətrafındaki stullarda oturub şəkərbura, paxlava yeyir, çay içir və xoş ovqatla zarafatlar edirdilər. Aşıqlar da çal-çağırından qalmır və meydan boyü mahnılar oxuyur, insanları rəqsə dəvət edirdilər. "40 ayaq qurd" geyimində olan oğlanın musiqi ritmləri ilə oyunu və göstərdiyi hərəkətlər tamaşaçıları ətrafına daha çox yığmışdı.

Köhnə "Qaz-21" Volqa maşınını və onun ətrafını misgər-qalayçı Həsən özünün qədim mis qablar və samovarları ilə bəzəmişdi. İnsanlar bu qədim alətlərə də böyük maraqla baxırdılar...

Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun sumqayıtlıları bayram münasibətilə xoş sözlərlə təbriki və bayram tonqalının Bahar qızın, Dədə Qorqudun, Kosa və Keçəlin iştirakı ilə yandırılması vaxtı minlərlə insanların alqış səsləri Nəsimi adına parkda böyük əks-səda yaratdı.

Biz inaniriq ki, 17-18 mart 2016-cı il tarixləri həqiqətən də özünün böyük, möhtəşəm Novruz bayramı tədbiri ilə uzun illər sumdayıtlıların yaddaşında qalacaq və bu şəhərin tarixinə ən maraqlı günlərdən biri kimi daxil olunacaq. Ən əsası isə Zakir Fərəcovun ideyası, təşkilatçılığı və onun sayəsində bu tədbirin yenidən Nəsimi adına mədəniyyət və istirahət parkında keçirilməsi sumqayıtlılara bir inam verir ki, keçmiş maraqlı, yaxşı ənənələrin hamısi bərpa olunacaq. Deməli, şəhərin keçmiş qaynar həyatı tezliklə özünə qayıdacaq. Bax, bütün bunlar da alqışa layiqdir.
Ağalar İDRİSOĞLU
Əməkdar incəsənət xadimi


















Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB