"Mağazalardan istər Novruz şirniyyatları, istərsə də istənilən məhsul alarkən diqqətli olmaq lazımdır". Bunu SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib.
Onun sözlərinə görə, ümumiyyətlə, un məmulatlarını 36 saatdan çox saxlamaq düzgün deyil: "Lakin apardığımız monitorinqlər nəticəsində şirniyyat satılan yerlərdə malların təxminən 90 faizinin üzərində buraxılma və yararlılıq müddətinin olmadığı müəyyənləşib. Bu o deməkdir ki, əhaliyə vaxtı keçmiş bəzən də zəhərli hala gəlmiş un məmulatları satılır. Bu vəziyyət aradan qaldırılmalıdır. Belə hallarla rastlaşan istehlakçılar öz hüquqlarını tələb etməlidirlər. Belə ki, istənilən şəxsin malın buraxılma və yararlılıq müddətini göstərən rəsmi sənədi tələb etmək hüququ var. İnsanlar 36 saatı keçən un məmulatlarından zəhərlənə bilərlər".
E. Hüseynov bəzən məşhur şirniyyat sexləri ilə bağlı da şikayətlərin daxil olduğunu dilə gətirib: "Çox təəssüf ki, istehlakçıların telefon zəngləri arasında ən məşhur, şirniyyat istehsal edən müəssisələrlə bağlı da şikayətlər daxil olmaqdadır. Misal üçün elə hal olur ki, sifarişçi ən məşhur şirniyyat sexindən "Qozlu tort" hazırlanmasını istəyib. Lakin sonradan məlum olub ki, tərkibinə qoz əvəzinə digər məhsul vurulub. Bu cür hallar istehlakçıların hüquqlarını pozur. Belə olan halda, istənilən sifarişçi malı qaytarıb pulunu geri ala bilər".
Birlik sədri qeyd edib ki, şirniyyatların, eləcə də digər məhsulların açıq havada satışı qətiyyən yol verilməzdir: "İstehlakçılar bu cür məhsulları almamalıdırlar. Açıq şəraitdə satılan mallar çirklənmiş hesab olunur. Müvafiq dövlət orqanları bunun qarşısının alınması istiqamətində iş aparmalıdırlar. Bilirik ki, böyük marketlərin əksəriyyətinin içərisində şirniyyat, eləcə də un məmulatları hazırlayan sexlər fəaliyyət göstərir. Lakin onların bəzilərində sanitariya-gigiyena qaydaların ariayət olunmur. Misal üçün bu yaxınlarda Novxanıda fəaliyyət göstərən marketlərin birində oldum. İçəridə çoxlu sayda milçək var idi. Belə çıxır ki, market insanlara milçək yumurtası satır. Milçək olan yerdə mütləq şəkildə onun yumurtaları da mövcuddur. Bu cür vəziyyətdə hazırlanan məhsulların insanlara satılması qəti şəkildə yol verilməzdir. İnsanlar bu cür yerlədən məhsul almamalı və lazımı orqanlara şikayət etməlidirlər. Bir sözlə, mağazalardan şirniyyat və ya hər hansı bir məhsul aldıqda mütləq şəkildə diqqətli olmaq lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB