Astarada Novruz şənlikləri ilk dəfə... FOTOLAR

Dənizkənarı park-bulvarda keçirilib
Astarada Novruz şənlikləri ilk dəfə... FOTOLAR

Yurdumuza bahar gəlir, fəsillərin ən gözəli, ən əzəli bahar. Bu gözəllik sərgisində Astaranın da öz yeri var. Vətənimizin dilbər guşələrindən olan Astara ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin diqqət və qayğısı ilə gündən-günə inkişaf edir, gözəlləşir. Bu ilki Novruz astaralılar üçün bir də ona görə əlamətdardır ki, bayram şənlikləri hamını öz gözəlliyi ilə məftun edən yaraşıqlı dənizkənarı park-bulvarda keçirilir. SİA-nın Cənub bürosunun məlumatına görə, rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin və rayon ictimaiyyətinin iştirakı ilə martın 18-də Novruz bayramı şənliyi dənizkənarı park-bulvarda geniş şəkildə qeyd olunub.

Rayonun bədii özfəaliyyət kollektivləri, müğənnilər şən mahnılar, rəqs qruplarının üzvləri milli rəqslər ifa ediblər. İdmançıların çıxışları daha böyük coşqu yaradaraq alqışlarla qarşılanıb. Milli bayramımızın əsas siması olan Bahar qız izdihama yaxınlaşaraq bahar xonçası ilə meydana daxil olub. Birinci Avropa Oyunlarının Astara rayonunda məşəldarı olan yüngül atletika üzrə beşqat Azərbaycan çempionu Arif Qeybiyev və Yaponiyada keçirilən beynəlxalq rəsm müsabiqəsinin qalibi, şəhər 1 saylı tam orta məktəbin XI sinif şagirdi Dəniz Baxışzadə Novruz tonqalını yandırıblar.

Xalqımızın qədim adət-ənənələrini, sənətkarlıq nümunələrini nümayiş etdirən sərgilər və Novruz personajları olan xalq oyunları da bayram iştirakçılarında böyük maraq doğurub. Ölkədə yaradılan əmin-amanlığa, firavan, xoş günlərə görə möhtərəm Prezident cənab İlham Əliyevə minnətdarlıq edərək dövlətimizin inkişafı, xalqımızın xoşbəxt gələcəyi naminə gördüyü böyük işlərdə uğurlar arzulayıblar.

Novruz şənliyi hamıda xoş və unudulmaz təəssürat oyadıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə