Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva deyib: "Təbiəti sevməmək mümkün deyil. İnsan və təbiət malik olduğumuz ən dəyərli nemətlərdir. Yəqin ki, siz bizim layihələrimiz haqqında çox oxumusunuz. Biz ağac əkməklə məşğul oluruq. Son dövrdə gənclərimiz, könüllülərimiz 4 milyondan çox ağac əkiblər".


Bəli, bu gün dəyərli oxucularımıza Leyla Əliyevanın yuxarıda qeyd etdiyimiz bu tezisini xatırlatmaqla Azərbaycanda təbiətə qayğı, ekologiyanın qorunması, insan-təbiət münasibətləri, oksigen mənbəyimiz sayılan meşələrimizə vətəndaş və dövlət münasibətlərindən bəhs edən növbəti ekoloji-təbliğat yazımızı çatdırmaq niyyətindəyik. Təbiətə, onun əvəzolunmaz tərkib hissəsi olan meşələrimizə münasibətin mənfi, yaxud müsbət tərəfləri haqda kifayət qədər yazılar yazılıb, məqalələr, elmi araşdırmalar dərc edilib. Yaşıl dünyamızın bizə nə verdiyinin də nəticəsi bizə bəllidir, itirdiklərimizdən də xəbərdarıq. Maraqlı məqamlardan biri də budur ki, insan həmişə təbiətdən qidalanıb, yaşaması üçün ona sığınıb, amma həmişə də ona qarşı çıxıb. Yer planetində 200 il bundan əvvəl olan meşə örtüyünün indi nə qədər azaldığını müqayisə etsək acınacaqlı mənzərənin şahidi olarıq. Rəqəmlər daha böyük fəlakətin baş verdiyini ortaya qoyur. İnkişaf səviyyəsindən asılı olmayaraq dünya ölkələrində təbiətə münasibət demək olar ki, eyni olub - təbiətdən öz maraqları üçün istifadə etmək, öz rahatlığını təmin etmək üçün meşələri qırıb. Şəhər, qəsəbə, kənd salmaq, yol çəkmək, zavod-fabrik inşa etmək üçün meşələrə qənim kəsilib insan. Amma bu rahatlığı təbiətin ona yaratdlğı rahatlıqla müqayisə edəndə səhv etdiyini anlayıb. Ziyanın yarısından qayıdanlar olsa da, hələ də təbiətə düşmən kəsilənlər var.
Amma bəzi sivil, təbiətlə dost olan ölkələr vəziyyətdən çıxış yolunu tapmaq məqsədi ilə vətəndaşlar arasında təbliğat aparmaqla yanaşı müxtəlif tədbirlərdən də yararlanıb – qoruqlar, yasaqlıqlar, parklar yaradıb.

Azərbaycan hələ Sovet hakimiyyəti illərində meşələrin qorunması üçün müxtəlif vasitələrdən istifadə edib. Meşələrimizin sonrakı durumunu göz önünə gətirəndə görürük ki, sovet vətəndaşlarının təbiətə yanaşması heç də biz düşündüyümüz şəkildə humanist olmayıb. İnsanlar fauna və floranın istismarında kifayət qədər qəddar olublar. Meşələrimizdən yanacaq, oduncaq, tikinti material kimi istifadə etməkdə heç də tənbəllik etməyiblər. Meşə sahələrinə yaxın yaşayış məntəqələrinin əksəriyyəti meşələrimizə qışda istilik-yanacaq mənbəyi, yayda tikinti material bazası kimi yanaşıblar. Nəticədə meşələrimiz xeyli azalıb.Ölkəmiz müstəqillik əldə etdikdən sonar, daha dəqiq, Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra hər sahəyə olduğu kimi, təbiətə də münasibət dəyişdi. İlham Əliyev Prezident kimi fəaliyyətə başlayandan sonra isə meşələrimizə, təbiətə, flora və faunamıza münasibət kökündən dəyişdi. Yasaqlıqların, qoruqların, milli parkların sayı artdı, kəndlərimizin, qəsəbələrimizin təbii qazla təminatından sonra isə meşələrimizdən yanacaq kimi istifadə edənlərin sayı kəskin olaraq aşağı düşdü. Bununla belə yeni meşə massivləri, yaşıllıqlar, magistral yolların kənarlarında qoruyucu meşə zolaqları salındı. Təbbi ki, görülən bütün bu işlər təqdirəlayiqdir. Düşünürük ki, təbiətin qorunmasında milli parkların salınması, qorunması və gələcək nəsillərə çatdırılması bütün bəşəriyyət üçün, insanlıq üçün faydalı sayılmalıdır.

Milli Parklar - Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıldıqdan əvvəl Azərbaycan Respublikasında Milli parklar mövcud deyildi. 2003-cü ildən başlayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Akademik Həsən Əliyev adına Ordubad, Şirvan, Ağ göl, 2004-cü ildə Hirkan, Altıağac, 2005-ci ildə Abşeron, 2006-cı ildə Şahdağ, 2008-ci ildə isə Göygöl Milli Parkları yaradılıb. 2008-ci ildə Hirkan Milli Parkının ərazisi genişləndirilərək 40358 hektara çatdırılıb. 2009-cü il 25 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncami ilə Ordubad Milli Park ərazisi Şahbuz Dövlət Təbiət Qoruğu, Şahbuz, Culfa, Ordubad rayonlarının torpagları hesabına genişləndirilərək sahəsi 42797,4 ha çatdırılıb. Eyni sərəncamla Milli Parkın adı dəyişdirilərək Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı adlandırılıb. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 8 iyul tarixli Sərəncamı ilə Şahdağ Milli Parkının ərazisi 14613,1 hektar genişləndirilərək, 130508,1 hektara çatdırılıb. Azərbaycan Respublikasının Prezidentinin 2012-ci il 5 noyabır tarixli sərəncamı ilə Yalama Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin meşə fondu torpaqların hesabına 11772,45 hektar ərazidə Samur-Yalama Milli parkı yaradılıb. Hazırda milli parklar ölkə ərazisinin 3,7 %-ni təşkil edir.

Bununla yanaşı, yeni milli parkların, dövlət təbiət qoruqlarının yaradılması istiqamətində müvafiq işlər davam etdirilərək, Qızılağac dövlət təbiət qoruğunun ərazisinin genişləndirilərək dənizkənarı milli parkının yaradılması nəzərdə tutulub.
Hirkan Milli Parkı Azərbaycan Respublikası Prezidentinin 81 №-li Sərəncamı ilə 2004-cü ilin 9 fevral tarixində yaradılıb. Milli Park Azərbaycanın cənub-şərqində, Lənkəran və Astara inzibati rayonlarının ərazisində yerləşir. Ərazisi 21435 hektardır. Milli Park Talış dağlarının öz unikal təbiət kompleksləri ilə fərqlənən təbii ərazilərini əhatə edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 23 aprel tarixli Qərarı ilə Hirkan Milli Parkının ərazisi genişləndirilərək 40358 hektara çatdırılmışdır. Milli Parkın yaradılmasında əsas məqsəd həmin ərazidə təbiətin kompleks şəkildə qorunması, Üçüncü dövrün relikt və endemik bitki növlərinin mühafizəsi, Azərbaycan Respublikasının"Qırmızı Kitab"ına daxil edilmiş tipik flora və fauna növlərinin qorunub saxlanılması, ətraf mühitin monitorinqinin həyata keçirilməsi, ictimaiyyətin məlumatlandırılması, eləcə də tədqiqatlar, turizm və istirahət üçün şəraitin təşkilidir.

Hirkan Milli Parkının ərazisinin çox hissəsini meşələr və şimal-qərbdən cənub-şərqə doğru uzanan sıra dağlar əhatə edir. Ərazidə əsasən yayı quraq keçən mülayim-isti iqlim tipi hakimdir. Buranın yayı quraq, payızı rütubətli, qışı isə mülayimdir. Hirkan Milli Parkının ərazisi şaquli qurşaq üzrə çox ucalmasa da ( 1000 m-ə qədər), şərqdən qərbə dağlara qalxdıqca, meşələrin şaquli qurşaqlar üzrə dəyişdiyini müşahidə etmək olar: aşağı hissədə əsasən, şabalıdyarpaq palıd, dəmirağac və vələsin (İpək akasiya, Xəzər lələyi, Hirkan ənciri, Qafqaz xurması, azat ilə birlikdə) üstünlük təşkil etdiyi meşələr yayılmışdır. Hündürlüyə qalxdıqca, əsasən dəmirağac, qismən də şabalıdyarpaq palıd azalır, onları fısdıq meşələri əvəz edir.

Ərazinin bitki aləminin zənginliyi burada çoxsaylı heyvanların yaşamasına imkan yaratmışdır. Parkın heyvanat aləmi çox zəngindir. Burada məməlilərdən bəbir, xallı maral, vaşaq, porsuq, çöl donuzu, cüyür, yenot və s. novlərə rast gəlmək olar. Ərazidə suda-quruda yaşayan heyvan növlərindən adi triton, daraqlı triton, Suriya sarımsaqiyli qurbağası, Qafqaz xaçlıcası, adi quru qurbağası yayılmışdır. Milli Parkın ərazisində sürünənlərdən Aralıq dənizi tısbağası, zolaqlı çılpaqgöz kərtənkələ, girdəbaş yovşanlıq kərtənkələsi, xarabalıq kələzi, Eskulap ilanı və s. növlər mövcuddur.
Hirkan Milli Parkının ornitofaunasına daxil olan qara leylək, məzar qartalı, qıvrımlələk qutan, turac, mərmər cürə, Talış qırqovulu, Hirkan arıquşu, toğlugötürən və s. quşların adları Azərbaycanın "Qırmızı Kitab"ına daxil edilmişdir. Milli Parkın entomofaunası endem növlərlə zəngindir. Ərazidə "Qırmızı Kitab"a düşmüş növlərdən tündqırmızı Talış uzunbığı, Talış kökyeyəni, üçpərli Talış qaçağanı, palıd diserkası, eyfema, Talış brameyası, iri tənək hafı, Oxim qızılı kəpənəyi, Aleksandra sədəflisi, Talış məxməri kəpənəyi və başqa həşəratlara rast gəlmək olar.

Milli Parkın meşələrində ayıdöşəyi, Hirkan bigəvəri, Hirkan şümşadı, pırkal, müxtəlif lianlar geniş yayılmışdır. Bu bitkilərin əksəriyyətinin adı Azərbaycanın "Qırmızı Kitab"ına daxil edilmişdir. Hirkan Milli Parkının yerləşdiyi Lənkəran zonasının subtropik meşələrinin ən səciyyəvi xüsusiyyətlərindən biri də burada Hirkan tipli meşələrin yaxşı saxlanılması, bir çox endemik, nadir ağac və kol bitkilərinin geniş yayılmasından ibarətdir. Hirkan Milli Parkı həmçinin öz nadir təbiət abidələri ilə də məşhurdur. Burada 100-dən çox təbiət və mədəniyyət abidələri var. Ən məşhur təbii meşə abidələrindən biri Astara rayonunun Züngüləş kəndi yaxınlığında yerləşir. Xəzər dənizinin yaxınlığı, təbiətin rəngarəngliyi ərazidə ekoturizmin inkişafı və ətraf mühitin öyrənilməsi üçün əlverişli şərait yaradır.

Hirkan meşələrinin YUNESCO-nun Ümumdünya Mədəni və Təbii İrs Siyahısına daxil edilməsi üçün layihə smeta sənədləri hazırlanaraq, Ümumdünya İrs Siyahısına göndərilib.
XATIRLATMA: Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalıb. XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i meşə ilə örtülü olub. Hal-hazırda Azərbaycan meşələrinin ümumi sahəsi 1021 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,8%-ni təşkil edir. Bu rəqəm Rusiya Federasiyasında 44%, Latviyada 41%, Gürcüstanda 39% təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin tabeli qurumları tərəfindən 2015-ci il ərzində plan-proqnoz göstəricilərini vaxtında və yüksək aqrotexniki qaydalara uyğun texnoloji ardıcıllıqla həyata keçirmək üçün hərtərəfli tədbirlər görülüb.
Belə ki, 2015-ci il ərzində müəssisələr tərəfindən 10140 hektar plan-proqnoza qarşı 10141 hektar sahədə meşəbərpa tədbirləri görülüb ki, bundan 2635 hektar plan-proqnoza qarşı 2636 hektar sahədə meşə əkini və səpini işləri aparılaraq 4310,4 min ədəd ting əkilib. Meşə əkinlərinin becərilməsi məqsədilə 32546,4 hektar sahədə xidmət, 33224,6 hektar sahədə suvarma, 2576,85 hektar sahədə torpaq hazırlığı işləri, 7505 hektar sahədə isə təbii bərpaya kömək tədbirləri həyata keçirilib. Müxtəlif ağac və kol cinslərindən 175078,5 kq toxum tədarük edilib.
İl ərzində tinglik sahəsinin səpin şöbəsində 90,57 hektar sahədə toxum səpilib, böyütmə şöbəsinin 67,51 hektar sahəsində 2638,9 min ədəd toxmacar, kökləndirmə şöbəsinin 12,88 hektar sahəsində isə 626 min ədəd çilik basdırılıb. Tinglik sahələrində 30236,59 min ədəd müxtəlif çeşiddə əkin materialları yetişdirilib. Cavan ağaclıqların yetişdirib qiymətli ağaclıqlar kateqoriyasına keçirilməsi tədbirləri 9738 hektar sahədə icra edilib ki, bunun 2768 hektarı meşə əkinidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB