Bu gün Bakıda Qlobal Karyera İnstitutunun, İstanbul Yeni Yüzyıl Universitetinin və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "İnformasiya cəmiyyətinin inkişafında medianın rolu" mövzusunda konfrans-seminar keçirilib. SİA-nın məlumatına görə, Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı, hər iki ölkənin mətbuat nümayəndələri arasında təcrübə mübadiləsinin aparılması baxımından tədbirin əhəmiyyətini yüksək qiymətləndirib.
Türkiyənin Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olduğunu vurğulayan Ə.Amaşov Azərbaycan ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında qardaş ölkənin mühüm rol oynadığını bildirib.
Azərbaycanın və Türkiyənin mətbuat nümayəndələri arasında təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edən deputat artıq 2007-ci ildən iki ölkənin jurnalistlərinin müştərək layihələr, tədbirlər həyata keçirdiklərini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu postmodern cəmiyyətlərdə medianın mühüm güc və ya təsir vasitəsi kimi çıxış etdiyini bildirib.
Deputat müasir dövrdə güc nümayişinin və ya tətbiqinin media vasitəsilə həyata keçirildiyini deyib. O, məhz bu baxımdan informasiya cəmiyyətlərində manipulyasiya hallarına yol verildiyini qeyd edib: "Bu gün media beynəlxalq münasibətlərdə elə bir vasitəyə çevrilib ki, ən az hərbi güc qədər mühüm rol oynayır. Beynəlxalq münasibətlərin əsas aktoru olan milli dövlətləri hərbi güclə deyil, "yumşaq güc"lə - media vasitəsilə də yıxmaq mümkündür və bu, bu gün beynəlxalq münasibətlər sistemində geniş tətbiq olunur".
Qlobal Kariyera İnstitutunun direktoru Orxan Həsənoğlu 18 mart - Çanaqqala zəfəri günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək müasir informasiya cəmiyyətində mövcud proseslərdən danışıb. Müasir dövrdə ciddi informasiya müharibəsinin aparıldığını vurğulayan O.Həsənoğlu bu prosesdə medianın mühüm rol oynadığını söyləyib.
Medianın cəmiyyətləri istiqamətləndirəcək mühüm güc vasitəsi olduğunu bildirən İstanbul Yeni Yüzyıl Universitetinin jurnalistika fakültəsinin dekanı, professor Aysel Aziz "İnformasiya cəmiyyətinin inkişafında medianın rolu" mövzusunda təqdimatla çıxış edib, müasir dünyada informasiya cəmiyyətinin aktual məsələlərindən danışıb.
O qeyd edib ki, informasiya cəmiyyətinə keçid prosesi 1990-cı illərdə internetin kəşfi ilə başladı: "Bununla da, hər kəsin özünü təqdim etdiyi nəhəng informasiya şəbəkəsi – Netvork ortaya çıxdı. Bu prosesdə medianın internetə keçidi kütləvi informasiya vasitələrinin xarakterini və fəaliyyətini dəyişdirdi, qəzetlərin yenidən qurulmasını, radio-televiziyaların internet üzərindən yayımlanmasına səbəb oldu".
Tədbirin sonunda suallar cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB