Alimlər Evinin açılışı olub

Alimlər Evinin açılışı olub

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında "Azərbaycan Milli Elmlər Akademiyasının Alimlər Evi" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) açılış mərasimi olub. SİA-nın xəbərinə görə mərasimdə AMEA-nın vitse-prezidentləri, akademik-katiblər, elmi müəssisələrin direktorları və digər təşkilatlardan nümayəndələr iştirak edib.

"Alimlər Evi" MMC-nin direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva tədbir iştirakçılarını salamlayaraq açılış üçün sözü AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə verib.

Öz çıxışında akademik Akif Əlizadə Alimlər Evinin yaradılmasını dövlətin elm adamlarına diqqət və qayğısının daha bir nümunəsi kimi dəyərləndirib. AMEA-da belə bir qurumun yaradılmasına çoxdan bəri ehtiyacın yarndığını deyən akademik bildirib ki, AMEA-nın elmi innovasiya nailiyyətlərinin və müasir dövrdə multikulturalizm ənənələrinin cəmiyyətdə təbliği, AMEA-nın elmi əməkdaşlarının yaradıcılıq fəallığının artırılması və mədəni-mənəvi inkişafının təmin edilməsi istiqamətində fəaliyyətin həyata keçirilməsi məqsədi ilə AMEA Rəyasət Heyətinin nəzdində "Alimlər Evi" MMC təsis edilib.

Tədbirdə qurumun öhdəliyinə düşən vəzifələrdən danışılıb. Bildirilib ki, Alimlər Evi tanınmış dövlət və ictimai xadimlərlə görüşlər keçirmək, qeyri-hökumət və həmkarlar ittifaqları təşkilatları, yaradıcılıq ittifaqları ilə işgüzar əlaqələr yaratmaq, dünyada keçirilən elm və texnologiya sərgilərində AMEA-nın pavilyonlarını təşkil etmək, alimlərin elmi, ictimai, ölkədaxili və beynəlxalq həyatda baş verən hadisələrin müzakirəsi və informasiya mübadilələrinin aparılması üçün şərait yaratmaq kimi işləri həyata keçirəcək.

Həmçinin bildirilib ki, sözügedən qurum alimlərin və onların ailə üzvlərinin mədəni-mənəvi ehtiyaclarının ödənilməsi və istirahətinin təmin edilməsi məqsədi ilə konsertlər, tamaşalar, sərgilər, film baxışları və digər mədəni-kütləvi tədbirlər təşkil edəcək. Alimlər Evində elmin nüfuzunun və yetişməkdə olan gənc nəslin elmə marağının artırılması məqsədi ilə müxtəlif elmi olimpiadalar, viktorinalar, yarışlar, müsabiqələr, disputlar, festivallar və mühazirələrin də keçirilməsi nəzərdə tutulur.

Tədbirdə iştirak edən Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, kimya elmləri doktoru Renad Saqdeyev Alimlər Evinin açılışı münasibəti ilə AMEA əməkdaşlarını təbrik edib. Qurumun alimlər arasında dostluq və səmimiyyəti daha da artıracağına əminliyini bildirib.

Daha sonra alim elmi-populyar təqdimatla çıxış edib.

Tədbir bədii-musiqili proqramla davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə