Narkomaniya dünyada ən qlobal problemlərdən biridir. Bütün ölkələrdə narkomaniyadan əziyyət çəkən insanlar var. Bunun qarşısını almaq üçün bütün dövlətlər böyük səy göstərirlər. Ancaq statistika göstərir ki, dünyada ən çox gəlir gətirən sahələrdən bir narkobiznesdir. Elə biznes sahibləri var ki, məhz nakotik vasitələrin satışından heç ağla gəlməyəcək qədər böyük məbləğlərdə gəlirlər əldə edir, varlanırlar. Narkotik maddələrin dövriyyəsi dünyanın əksər ölkələrində qadağan oldunduğuna görə, belə vasitələr çox ölkələrə qaçaqmal yolu ilə keçirilir və dövriyyəyə buraxılır. Nəticədə həyatı məhv olanlar isə, ondan istifadə edən insanlar olur. Belə narotik tacirləri əsasən gəncləri cəlb edib, onların aludə olmasını təmin edirlər.
Azərbaycana qaçaqmal yolu ilə külli miqdarda narkotik vasitələr keçirməyə cəhd göstərilir
Azərbaycanda da narkotik vasitələrin dövriyyəsi qadağan olunduğundan, bir çox ölkələrdən bura qaçaqmal yolu ilə belə vasitələr keçirməyə çalışırlar. Statistikaya nəzər saldıqda da görünür ki, təkcə ötən il ərzində Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən 1 ton 127 kq 395,322 qr müxtəlif növ narkotik vasitələr, o cümlədən 12689 ədəd çətənə kolu qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə məlumat Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun hazırladığı "Azərbaycan Respublikasında narkotiklərə nəzarət sahəsində 2015-ci il üçün Ölkə Məruzəsi"ndə öz əksini tapıb.
Qeyd olunur ki, müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların 698 kq 636,109 qr-ı marixuana, 240 kq 097,617 qr-ı tiryək, 80 kq 311,795 qr-ı heroin, 57 kq 863,271 qr-ı həşiş, 62,385 qr-ı kokain, 50 kq 424,325 qr-ı psixotrop maddələr və digərləri, 1750 ədədi həb, o cümlədən 12689 ədəd çətənə kolu olub.
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 2015-ci ildə 57 nəfər xarici ölkə vətəndaşı məsuliyyətə cəlb olunub. Onlardan 65 kq-dan artıq müxtəlif növ narkotik vasitələr götürülüb. Əcnəbilərin 31 nəfəri İran İslam Respublikası, 20 nəfəri Gürcüstan, 2 nəfəri Türkiyə, 2 nəfəri Ukrayna, 1 nəfəri Rusiya Federasiyası, 1 nəfəri Türkmənistan vətəndaşı olub.
Statistikadan da göründüyü kimi, müxtəlif ölkələrdən Azərbaycana qaçaqmal yolu ilə külli miqdarda narkotik vasitələr keçirməyə cəhd göstərilir. Müvafiq orqanlar bu istiqamətdə ciddi tədbirlər həyata keçirsələr də, son 9 ildə narkomanların sayında azalma müaşahidə edilmirdi.
Ancaq rəsmi statistik məlumata əsasən, 2015-ci ildə nakomanların sayında azalma baş verib. Belə ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun hazırladığı "Azərbaycan Respublikasında narkotiklərə nəzarət sahəsində 2015-ci il üçün Ölkə Məruzəsi"ndə göstərilir ki, keçən il Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində 2 min 118 (1331-i dispanser, 787-i profilaktik) nəfər qeydiyyatdan çıxıb, 2 min 17 nəfər narkotik istifadəçisi qeydiyyata alınıb. Beləliklə, ölkədə qeydiyyatda olan narkomanların ümumi sayı 101 nəfər azalaraq, 28 min 555 nəfər olub.
Qeyd edək ki, Respublika Narkoloji Mərkəzində 2007-ci ildə 20 min 205, 2008-ci ildə 22 min 394, 2009-cu ildə 23 min 927, 2010-cu ildə 25 min 489, 2011-ci ildə 26 min 716, 2012-ci ildə 27 min 910, 2013-cü ildə 28 min 376, 2014-cü ildə 28 min 656 narkoman qeydiyyatda olub.
"Narkomanların sayı haqqında statistik rəqəmlər aldadıcı görünə bilər"
Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Pərvin Məmmədov SİA-ya açıqlamasında rəqəmlərin aldadıcı görünə biləcəyini qeyd edib. Bildirib ki, ötən il qeydiyyatdan çıxanlar əvvəlki illərə nisbətən daha çox olub: "Narkomanların sayı haqqında statistik rəqəmlər aldadıcı görünə bilər. Ötən il qeydiyyata götürülən narkomanların ümumi sayı artıb. Qeydiyyatdan çıxarılanların sayı da ötən illərə nisbətən daha çox olduğuna görə, statistikada narkoman sayının 101 nəfər azaldığı görünür. Narkomanlar Narkoloji Mərkəzdə 5 il müddətində qeydiyyatda saxlanılır. Əgər təkrar müraciət olmursa, onlar qeydiyyatdan çıxarılır.
Müraciətlərin sayının çoxalması isə profilaktik tədbirlərin davamlı həyata keçirilməsinin nəticəsidir. Biz bütün məktəblərdə, tədbirlərdə çalışırıq ki, vətəndaşlar, şagirdlər, tələbələr, onların valideynlərinə başa salaq ki, Narkoloji Mərkəzə müraciət etməkdə pis heç nə yoxdur".
"Coğrafi mövqeyimiz elədir ki, bəzi ölkələrin nümayəndələri Azərbaycandan qaçaqmalçılıq yolu ilə narkotik vasitələr keçirmək niyyətində olurlar"
Şöbə müdiri qeyd edib ki, əgər dövriyyədə narkotik vasitə varsa, istər-istəməz yeni aludələr meydana çıxacaq: "Coğrafi mövqeyimiz elədir ki, bəzi ölkələrin nümayəndələri Azərbaycandan qaçaqmalçılıq yolu ilə narkotik vasitələr keçirmək niyyətində olurlar. Həmin narkotik vasitələrin müəyyən miqdarı burada qalır. Bu da isifadə olunmalıdır. İstifadə olunanda isə istifadəçi sayı artır, yeni istifadəçilər ortaya çıxır".
P. Məmmədov qeyd edib ki, narkotik vasitələrin yeni istifadəçiləri müalicə edilərkən elə maarifləndirilməlidirlər ki, narkotika satıcıları onları yenidən cəlb edə bilməsin.
O deyib ki, narkomanların müalicəsi zamanı "sağalmaq" yox, "aradan götürülmək" ifadəsi işlədilir: "Sağalmaq" sözü ona görə işlədilmir ki, burada fasiləlik missiyası ola bilər. O missiya ömür boyu da davam edə bilər. Belə xəstələr son zamanlar ümumiyyətlə çoxalıb. Bizə müraciət edəndə onlara kömək edə bilirik. Ancaq özü istəmirsə, valideynlərinin, yoldaşının və ya başqa birinin təkidi ilə mərkəzə gəlirsə, müalicə işi çətinləşir. Onlar müalicə olunur, ancaq mərkəzdən çıxan kimi yenidən nakotik vasitələrdən istifadəyə başlayırlar".
"Həkimlər xəstənin müalicədən sonrakı proseslərini izləyə bilmirlər"
Şöbə müdiri bildirib ki, həkimlər xəstənin müalicədən sonrakı proseslərini izləyə bilmirlər: "Demək olar ki, xəstələrin çoxu ilə əlaqəni itiririk. Ancaq xəstə bizimlə telefonla əlaqə saxlayanda, rastlaşanda, görüşəndə vəziyyəti barədə xəbər tuturuq. Yəni, işimizin nəticəsini təsadüfən görə bilirik. Ona görə müalicələrin effektliliyinin rəsmi statistikasını bilmək olmur".
O əlavə edib ki, mərkəzə müraciət edənlər, narkomanların çox az faizidir.
"Əhatə dairəsini getdikcə genişləndirən narkomaniya artıq ümumbəşəri bəlaya çevrilib"
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva isə bildirib ki, əhatə dairəsini getdikcə genişləndirən narkomaniya artıq ümumbəşəri bəlaya çevrilib: "Narkotik vasitələrə aludəçilik cinayətkarlıq, zorakılıq və korrupsiya kimi sosial-ictimai bəlalar üçün münbit zəmin yaradan mühüm amillərdən biri olaraq məhsuldar qüvvələrin inkişafına mənfi təsir göstərməklə gəncləri sosial-iqtisadi və siyasi proseslərdən uzaqlaşdırır, ailələrin və bütövlükdə cəmiyyətin inkişafını ləngidən ağrılı bir prosesə çevrilir. Sevindirici haldır ki, son illər bütün dünyada olduğu kimi, Azərbaycanda da bu sahədə məqsədyönlü tədbirlər həyata keçirilir, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri gücləndirilir. Cənab Prezident İlham Əliyevin 2013-cü il iyunun 24-də imzaladığı Sərəncamla təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair 2013-2018-ci illər Dövlət Proqramı"nın icrasını təmin etmək məqsədilə respublika səviyyəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Elə Bakının Nizami rayonunda da bu silsilədən olan tədbirlər reallaşdırılır. Məsələn, təlim-tərbiyə müəssisələrində "Narkomaniya əsrin bəlasıdır", "Sağlam gənclik narkomaniyaya yox deyir", "Asudə vaxtımızı səmərəli keçirək", "Narkomaniya bəşəriyyətin bəlasıdır" və digər mövzularda tədbirlər, diskussiyalar, açıq dərslər və inşa yazı, rəsm müsabiqələri keçirilir. Narkomaniyaya qarşı kompleks profilaktik tədbirlərdə şəhər və rayon polis idarələrinin, Bakı şəhər narkoloji dispanserinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri, sahə həkimləri iştirak edirlər".
"Ötən il ərzində Nizami rayonu ərazisində cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 30 kiloqram 336,299 qram müxtəlif növ narkotik maddə götürülüb"
S.Vəliyeva əlavə edib ki, ötən il ərzində Nizami rayonu ərazisində narkotiklərlə bağlı 92 cinayət hadisəsi qeydə alıb ki, onlardan da 16-sı narkotik vasitələrin satışı, 76-sı isə narkotiklərin qanunsuz saxlanılması üzrə olub: "Qeydə alınmış cinayət hadisələrindən 31-i rayon sakinləri tərəfindən törədilib. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 30 kiloqram 336,299 qram müxtəlif növ narkotik maddə götürülüb. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən maddi sübut kimi müsadirə edilmiş narkotik vasitələrin məhvi mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq qüvvədə olan təlimatlara ciddi riayət edilməklə həyata keçirilib, göstərilən müddətdə 65 məhkəmə hökmü icra edilib, ümumilikdə 262,111 qram narkotik vasitə, o cümlədən 235,29 qram qurudulmuş marixuana, 7,156 qram heroin, 14,825 qram tiryək və 4,84 qram həşiş qətranı yandırılaraq məhv edilib".
"Bu sosial bəlanın tamamilə kökünü kəsmək mümkün deyil"
Millət vəkili qeyd edib ki, narkotizmlə mübarizə sahəsində görülən işlərə görə Azərbaycandakı vəziyyət digər qonşu ölkələrlə müqayisədə təqdirəlayiqdir: "Lakin təəssüf ki, bu sosial bəlanın tamamilə kökünü kəsmək mümkün deyil. Bu gün bəşəriyyəti ciddi şəkildə narahat edən, cəmiyyətin bəlasına, təhlükə mənbəyinə çevrilən narkomaniya uzunmüddətli mübarizə, çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir prosesdir. Problemin ictimai təhlükəliliyi isə ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır. Bu da onu göstərir ki, narkomaniya ilə mübarizə bütövlükdə dövlətin, cəmiyyətin, nəhayət, hər bir şəxsin fərdi və birgə fəaliyyəti, barışmaz münasibəti formasında aparılmalıdır. Bu sahədə müəllimlərin və valideynlərin üzərinə daha çox məsuliyyət düşür. Bu mənada, uşaq və yeniyetmələrin təlim-tərbiyəsinə, onların sağlam ruhda böyüdülməsinə diqqətin artırılması vacibdir".
"Elə şəxslər var ki, bu kimi vərdişlərə yiyələnməyə dəbdəbəli həyatın göstəricisi kimi yanaşırlar"
Ümumrusiya Peşəkar Psixoterapevtler Liqasının üzvü, psixoloq Elnarə Eminova isə bildirib ki, cəmiyyətdə hər birimiz gündəlik həyatımızda müəyyən neqativ situasiyalar və ya problemlərlə qarşılaşırıq və hər kəs bu problemlərə öz dözümlülük dərəcəsinə uyğun cavab verir: "Müəyyən fərdlər var ki, həyatın onlara verdikləri itki, problem, insident qarşısında aciz qalırlar. Bundan yaxa qurtarmaq üçün müəyyən pis vərdişlərə yiyələnirlər ki, qısamüddətli də olsa hökm sürən neqativlikdən uzaqlaşsınlar. Pis vərdişlər sırasında ən öndə gələni narkotik vasitələrin aludəliyidir. Bəzən gənclər problemi çözməyə özlərində güc tapmayanda, belə yollara əl atırlar. Danılmaz faktdır ki, elə şəxslər var ki, bu kimi vərdişlərə yiyələnməyə dəbdəbəli həyatın göstəricisi kimi də yanaşırlar".
"Valideynlərin üzərinə də böyük məsuliyyət düşür"
Psixoloq qeyd edib ki, belə pis vərdişlərin qarşısını almaq üçün valideynlərin üzərinə də böyük məsuliyyət düşür: "Valideynlər bu istiqamətdə maarifləndirmə işlərinə daha ciddi yanaşmalıdırlar. Belə hal aşkar edəndə isə, ona təzyiq edib şiddət göstərməkdənsə, bu sahənin mütəxəssislərinə müraciət etməlidirlər. Çünki təzyiq görəndə qarşı tərəf daha çox qadağaya doğru gedir. Bəzən elə olur ki, ailələr gəncləri bu yoldan çəkindirmək əvəzinə, onları öz həyatlarından izolyasiya etməyə çalışırlar. Narkotik vasitələrin istifadəçilərinə həm psixoloji, həm də ailə qayğısı çox önəmlidir. Elə olmayan təqdirdə onlar depresiv vəziyyətə düşür və hətta intihar halına qədər gəlib çıxa bilirlər. Onlara şəxsiyyət kimi yanaşılmayanda, sonluq belə acı olur".
E.Eminova vurğulayıb ki, narkotik vasitələrin aludələri özünəinam, yaxınlarının diqqət və qayğısı, psixoloji yardım və müalicə ilə bundan yaxa qurtara bilərlər.
Hər bir vətəndaş üzərinə düşən vəzifəni yerinə yetirməlidir
Sonda bir daha qeyd edək ki, bu sahədə maarifləndirmə işlərinə daha çox önəm vermək lazımdır. Ailədə, məktəbdə, ali təhsil ocaqlarında gənclərə narkomaniyanın fəasdları barədə daha çox məlumat verilməlidir. Hər bir vətəndaş cəmiyyətimizin belə bəlalardan uzaq olması üçün üzərinə düşən vəzifəni yerinə yetirməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB