“Banking Baku” jurnalının və saytının təqdimat mərasimi keçirilib

Bu gün "Banking Baku" jurnalının və saytının (Bankingbaku.az) təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə "Davamlı İnkişaf Təşəbbüsləri" İctimai Birliyinin rəhbəri, jurnalın baş redaktoru Aysel Quliyeva, millət vəkilləri Musa Quliyev, Hikmət Məmmədov, Azay Quliyev, Əflatun Amaşov, Şəmsəddin Hacıyev, Sahib Alıyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, "Bank of Baku"nun Müşahidə Şurasının sədri Elçin İsayev və digərləri iştirak ediblər.

Tədbirdə çıxış edən "Banking Baku" jurnalının baş redaktoru Aysel Quliyeva qeyd edib ki, jurnalın mətbu nəşrlər və elektron KİV-lərin həddindən artıq çox olduğu zamanda meydana çıxması heç də səbəbsiz deyil. O bildirib ki, Azərbaycanda bank sektorunun inkişaf tarixi müstəqil dövlətimizin qurulması ilə başlayır. Vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə ölkəmizdə aparılan islahatların mühüm istiqamətlərindən biri də bank quruculuğu olub: "Ötən 25 ilə yaxın müddətdə ölkəmizin bank sektoru hüquqi əsaslar üzərində qurulub, beynəlxalq təcrübəyə yiyələnərək inkişaf edib, dünya ölkələri arasında nüfuzlu təşkilata çevrilib. Bankçılıq inkişaf etdikcə əhalinin də bu sektora marağı və münasibəti müsbət mənada dəyişib, vətəndaşlarımız bank xidmətindən daha geniş və səmərəli istifadə etməyə başlayıb".

A.Quliyeva deyib ki, müşahidələr göstərir ki, bank müştərilərinin böyük əksəriyyətinin, eləcə də biznes sektorunda bankçılıqla yaxından əməkdaşlıq edən hüquqi şəxslərin bu sahədə biliklərinin artırılmasına və informasiya təminatının yaxşılaşdırılmasına ciddi ehtiyac var: "Əmanətlərin yerləşdirilməsi, kreditləşmə, lizinq, investisiya, ipoteka və s. bank-vətəndaş münasibətlərində mövcud qanunların, qaydaların öyrənilməsində, yeni informasiyaların çatdırılmasında operativ və düzgün mövqe sərgiləyən mətbu orqanın olması zəruridir".

Baş redaktor qeyd edib ki, jurnalın və saytın yaranmasını zəruri edən digər səbəb isə Azərbaycanda qeyri-neft sektorunun sürətli inkişafı və bununla bağlı xarici iş adamlarının, investorların ölkəmizə göstərdiyi marağın artmasıdır: "Hər bir iş adamı biznes qurmaq istədiyi ölkədə münbit iqtisadi-investisiya şəraitinin olmasını ilk olaraq bank sektorunun səviyyəsi ilə dəyərləndirir. Azərbaycanda bank sektorunun vəziyyəti, bu sahədəki qanunçuluq, yeniliklər və s. məlumatları özündə əks etdirəcək jurnalımız və saytımız Azərbaycanın bank sektoru ilə xarici iş adamları arasında məlumat körpüsü rolunu oynamaq arzusundadır".

O bildirib ki, jurnalın və saytın əsas məqsədlərindən biri də bankların sosial məsuliyyəti ilə yaranacaq vətəndaş-bank münasibətlərində maarifləndirmə rolunu oynamaq, bu sahədə yaranan münasibətlərə mütəxəssislər tərəfindən verilən rəyləri dərc etmək və aydınlıq gətirməkdir: "Eyni zamanda məqsədimiz, dünya maliyyə-bank sektorunda baş verən dəyişikliklər, yeniliklər barədə Azərbaycan oxucusuna operativ məlumat vermək, mövcud vəziyyəti ekspertlər səviyyəsində təhlil etmək, bu sektora Azərbaycan vətəndaşlarının çıxış imkanlarına dəstək verməkdir".

A.Quliyeva vurğulayıb ki, jurnal və sayt üç dildə- Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərəcək.

Daha sonra jurnal və saytın təqdimatı olub, yaradıcı kollektiv tort kəsib.

Millət vəkilləri Şəmsəddin Hacıyev, İlham Məmmədov, Əflatun Amaşov, Azay Quliyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, "Bank of Baku"nun Müşahidə Şurasının sədri Elçin İsayev və digərləri redaksiya heyətini təbrik edib, jurnal və saytın oxucular üçün dəyərli bir vasitə olacağını vurğulayıblar. Bildirilib ki, "Banking Baku" jurnalı və saytı banklarla vətəndaşlar arasında vasitəçi olacaq, bank sektorunda baş verənlər barədə oxucuları mütəmadi olaraq məlumatlandıracaq.

Sonda redaksiya heyəti ilə xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, "Banking Baku" jurnalının və saytının təsisçisi "Davamlı İnkişaf Təşəbbüsləri" İctimai Birliyi, partnyoru isə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə