Martın 16-da AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində "Yurdumuza bahar gəlir" mövzusunda ədəbi-musiqili tədbir keçirilib. Muzeydən SİA-ya verilən xəbərə görə, mərasimdə çıxış edən muzeyin direktoru, akademik Rafael Hüseynov Novruz bayramı münasibətilə iştirakçıları təbrik edib.
O, bu bayramın ölkəmizdə dövlət səviyyəsində qeyd olunmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu xatırladıb. Akademik R.Hüseynov bayramın tarixi kökləri, özünəməxsusluğu, əsas atributları, o cümlədən, ilaxır çərşənbə hesab olunan torpaq çərşənbəsinin xüsusiyyətlərindən danışıb. Bildirib ki, xalqımız ta qədimdən yazın gəlişinə 4 həftə qalmış həyat üçün vacib olan dörd ünsürlə (su, od, yel, torpaq) bağlı çərşənbələri xüsusi təntənə ilə qeyd edib, tonqal yandırıb.
Novruzun birlik, qardaşlıq bayramı olduğunu deyən R.Hüseynov onu sülh, mənəvi saflıq, barışıq, təbiətin oyanışı kimi xarakterizə edib. Qeyd edib ki, Novruz bayramı YUNESKO-nun bəşəriyyətin qeyri-maddi irs üzrə reprezentativ siyahısına salınıb.
Diqqətə çatdırılıb ki, bu bayram uşaqlar arasında xüsusilə sevinclə qarşılanır. Günəş, buta, səməni, tonqal və bayramın digər atributlarını uşaqlar sevə-sevə ifa edir, əylənirlər.
Sonra Novruz bayramı münasibətilə hazırlanmış musiqili bədii-əyləncəli proqram təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB