Cərimənin məbləği elektron protokollarda niyə əks olunmur? AÇIQLAMA

Vəkil: "Elektron protokolda cərimənin 0 manat göstərilməsi qanunaziddir"
Cərimənin məbləği elektron protokollarda niyə əks olunmur? AÇIQLAMA

Son zamanlar Dövlət Yol Polisində bəzi elektron protokollar 0 manat cərimə ilə tərtib edilir. Həmin protokollara əsasən, sürücünün törətdiyi inzibati xətanın qısa mahiyyəti qeyd edilsə də, cərimənin məbləği elektron protokollarda əks olunmur. Mövzu ilə əlaqədar SİA-ya açıqlama verən vəkil Asif abdullayev bildirib ki, elektron protokolda cərimənin əks olunmaması qanunaziddir: "Belə ki, martın 1-dən qüvvəyə minmiş İnzibati Xətalar Məcəlləsinin 122.3.3.-cü maddəsinə əsasən, elektron protokolda cərimənin məbləği və onun ödəniş qaydası qeyd edilməlidir. Elektron protokolda cərimə məbləğinin göstərilməməsi sürücünün problemi deyil.

Bu səbəbdən də, protokolda cərimənin göstərilməməsi ilə bağlı sürücü əlavə narahatlıq yaşamamalıdır və bu qüsurlar DYP tərəfindən aradan qaldırılmalıdır. Elektron protokolda cərimənin göstərilmədiyi üçün ödənişdən yayınmaya görə sürücü barəsində tədbir görülə bilməz və ödənişin gecikməsi üçün cərimə hesablana bilməz. 0 manat cərimə nəzərdə tutan protokoldan 10 gün ərzində vəsatət verilməsə, o, qərar qüvvəsini alır və növbəti 10 gün keçdikdən sonra qüvvəyə minir. 0 manat cərimə nəzərdə tutan qərarın icrası və icra edilmədiyi müddət ərzində ona faizlərin hesablanması qeyri-mümkündür".

Asif Abdullayev həmçinin onu da əlavə edib ki, 0 manat cərimə nəzərdə tutan elektron protokolun cərimə məbləğinin müəyyən edilməsi üçün, sürücü DYP-nə müraciət etmək vəzifəsi daşımır: "Cərimənin 0 manat göstərilməsini "texniki problem" və yaxud "texniki məsələ" kimi adlandırmaq yersizdir. Belə ki, həmin "texniki məsələlər" qanunun tətbiqini dayandıra bilməz. Sürücüyə qanunun tələblərinə uyğun şəkildə tərtib edilmiş (cəriməsi göstərilən) protokol göndərmək DYP-nin vəzifəsidir. Qeyd etmək lazmdır ki, bu sahədə ildən-ilə təkmilləşən qanunvericilik bazasının əsas məqsədlərindən biri də, vəzifəli şəxs-vətəndaş ünsiyyətinin mümkün qədər aradan qaldırmaqdır. Yeni İnzibati Xətalar Məcəlləsi də bu istiqamətdə mühüm addımlardan biri hesab olunur. Məcəllədə elektron ödəniş, elektron müraciət və sair bu kimi halların tətbiqinə imkan yaradılıb".

Bütün xəbərlər Facebook səhifəmizdə