Martın 16-da Azərbaycan Milli Elmlər Akademiyasında görkəmli alim, AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru, professor Hacı Ağabəy Sultanovun anadan olmasının 80 illiyinə həsr olunmuş yubiley yığıncağı keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə AMEA prezidenti, akademik Akif Əlizadə açaraq Ağabəy Sultanovun Azərbaycan psixiatriya məktəbinin görkəmli nümayəndələrindən olduğunu bildirib. Tanınmış psixiatrın məhsuldar fəaliyyətini yüksək dəyərləndirərək onun peşəkar kadrların hazırlanması sahəsindəki böyük xidmətlərindən danışıb. Tibb elmi və səhiyyənin inkişafında mühüm xidmətləri olan fədakar alimin fundamental və tətbiqi tədqiqatlarını tibbin mürəkkəb sahəsi sayılan psixiatriya elminə həsr etdiyini, sosial psixiatriya elmi məktəbinin banilərindən olduğunu bildirib.
Görkəmli alimin respublika və xaricdə çap olunmuş 200-dən artıq elmi məqalə, monoqrafiya, dərslik və metodik tövsiyənin müəllifi olduğunu qeyd edən AMEA prezidenti Ağabəy Sultanovun ictimai fəaliyyətinə də toxunub: "O, respublikanın baş psixiatrı, Ümumdünya Psixiatrlar Federasiyasının, Rusiya Tibb Elmləri Akademiyasının psixi sağlamlıq üzrə Rəyasət Heyətinin, Rusiyanın İntihara Qarşı Problem Komissiyasının üzvü, Azərbaycan Tibb Universitetində psixiatriya, nevrologiya, otolarinqologiya və stomatologiya üzrə Müdafiə şurasının sədri, psixiatriya və nevrologiya üzrə İxtisaslandırılmış Problem komissiyasının, Milli Elmlər Akademiyasının Bioetika komissiyasının, Azərbaycan Tibb Jurnalının Redaksiya Heyətinin üzvü kimi fəaliyyət göstərib".
AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov alimin bütün həyat və fəaliyyətinin Azərbaycan Tibb Universiteti ilə bağlı olduğunu, 40 ildən artıq bu təhsil ocağında çalışdığını bildirib. Azərbaycanın baş psixiatrının tibb elminin inkişafındakı xidmətlərindən danışaraq alimin ərsəyə gətirdiyi elmi əsərləri və dərsliklərinin, həmçinin mühazirə və məruzələrinin əsas maraq dairəsində psixiatriyanın ən çətin istiqaməti sayılan şizofreniya xəstəliyinin diaqnostikası, klinikası, müalicəsi, insan psixi sferasına ekologiyanın təsiri, suisid, tibbin etik əsasları, evtanaziya və digər aktual problemlərin öz əksini tapdığını bildirib.
Bölmə rəhbəri alimin şöhrətinin ölkə sərhədlərindən xeyli kənara çıxdığını da qeyd edərək, onun Fransa, İspaniya, İtaliya, Yaponiya, Belçika və digər ölkələrdə Azərbaycan elmini ləyaqətlə təmsil etdiyini, Fəxri Fərmanlarla təltif olunduğunu söyləyib.
Tədbirdə çıxış edən Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının müdiri, professor Gəray Gəraybəyli alimin elmi, pedaqoji və ictimai fəaliyyəti haqqında danışıb. Bakıda ziyalı ailəsində dünyaya göz açan Ağabəy Sultanovun şəxsiyyətində xeyirxahlıq, peşəsinə olan sonsuz sədaqət hissi, pasiyentlərə olan qayğıkeş münasibət kimi keyfiyyətlər cəmləndiyini vurğulayıb. Alimin zamanında Azərbaycan Tibb İnstitutunun Psixiatriya kafedrasının ən gənc professoru olduğunu deyən Gəray Gəraybəyli onun pedoqoji fəaliyyətindən də danışıb: "Pedaqoji fəaliyyətinin ilk illərindən Ağabəy Sultanov öz mükəmməl pedaqoji bacarığını nümayiş etdirib. Azərbaycan və dünya ədəbiyyatını mükəmməl bilən, təbabət, fəlsəfə, etika və deontologiyanın aspektlərini incəliklərinə qədər anlayaraq, insan qəlbinin susan təfərrüatlarını duymaq bacarığına malik olan Ağabəy Sultanov öz tələbələrinə elmi materialları bədii-ədəbi, yüksək akademik, eyni zamanda sadə və anlaşılan dildə təqdim edib".
Sonra çıxış edən Azərbaycan Tibb Universitetinin Epidemiologiya kafedrasının müdiri İbadulla Ağayev, Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının professoru Nadir İsmayılov, kinorejissor, xalq artisti Oqtay Mirqasımov Ağabəy Sultanov haqqında xatirələrini bölüşüblər.
Tədbirdə Ağabəy Sultanovun həyat və yaradıcılığına həsr olunmuş sənədli film də nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB