KİVDF-dən jurnalistlərə Novruz mükafatı SƏS TV

KİVDF-dən jurnalistlərə Novruz mükafatı SƏS TV

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 2016-cı il Novruz Bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb. Bu münasibətlə təşkil olunan mərasimdə çıxış edən Fondun İcraçı direktoru Vüqar Səfərli ilk öncə media nümayəndələrini qarşıdan gələn bayram münasibətilə təbrik edib, onlarla yeni-yeni yaradıcılıq uğurları arzulayıb.

Müsabiqə haqqında məlumat verən qurum rəhbəri bildirib ki, müsabiqəyə ümumilikdə 155 yazı daxil olub. Diqqətə çatdırılıb ki, yazılar 62 kütləvi informasiya vasitəsindən təqdim edilib. Yazılar 12 ekspert tərəfindən qiymətləndirilərək ən yüksək bal toplayan jurnalistlər Müşahidə Şurasının qərarı ilə mükafatlandırılıb.

Daha sonra Fondun ekspertlərindən - Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, əməkdar jurnalist Məzahir Süleymanlı, BDU-nun professoru Cahangir Məmmədli çıxış edərək müsabiqəyə təqdim olunan yazılar haqqında fikirlərini bildiriblər.

Diqqətə çatdırılıb ki, əvvəlki yazılarla müqayisədə bu dəfə fonda təqdim olunan yazılarda peşəkarlıq daha yüksək səviyyədədir. Jurnalistlər arayış xarakterli yazılardan uzaqlaşıb. Yazılarda vətəndaşlıq mövqeyi artır. O da vurğulanıb ki, bu kimi müsabiqələrin təşkili jurnalistlərin peşəkarlığının artırılması ilə yanaşı, Azərbaycan mətbuatının zənginləşməsinə də xidmət edir.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Fondun Müşahidə Şurasının üzvü Müşfiq Ələsgərli yazılardakı tənqidi məqamlara toxunub. Bildirib ki, müsabiqəyə təqdim olunan yazılarda yeniləşmə və inkişaf nəzərə çarpsa da, müəyyən neqativ hallar müşahidə edilməkdədir. Belə ki, medianın problemlərindən olan yazıların köçürülməsi, plagiatçılıq hələ də qalmaqdadır. Məhz müsabiqəyə təqdim olunan yazılar da bu cür faktlar aşkar edilib.

Sonra müsabiqədə qalib gələn jurnalistlərə mükafatlar təqdim olunub.

Qeyd edək ki, mükafatlandırılanlar arasında "Səs" Media Qrupunun əməkdaşları da olub.

Bütün xəbərlər Facebook səhifəmizdə