166 ailəyə bayram sovqatı təqdim edilib

166 ailəyə bayram sovqatı təqdim edilib

Martın 15-də Novruz bayramı ərəfəsində, Milli Məclisin nümayəndələri hər il olduğu kimi Qobustan rayonunda məskunlaşmış qaçqınların və məcburi köçkünlərin görüşünə gəliblər. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Milli Məclisin nümayəndələri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra rayonda məskunlaşan, öz yurd-yuvalarından erməni işğalı nəticəsində didərgin düşmüş insanlarla görüş keçirilib. Novruz bayramı münasibəti ilə qaçqın və məcburi köçkünləri Milli Məclisin rəhbərliyi adından təbrik edən nümayəndə heyətinin üzvləri onlara öz ürək sözlərini söyləyiblər.

Bildirilib ki, qaçqın və məcburi köçkünlərə qayğı təkcə bayram günlərində deyil, hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzindədir.

Çıxış edən qaçqın və məcburi köçkünlər Prezident İlham Əliyevə və Milli Məclisin Sədri Oqtay Əsədova onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

Görüşdən sonra rayonda məskunlaşmış 166 ailəyə bayram sovqatı təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə