Azərbaycan Dillər Universitetində (ADU) universitetin Tələbə Həmkarlar Təşkilatının (THT) təşkilatçılığı ilə əsrlərə söykənən tarixi kökə malik, xalqımız tərəfindən hər zaman böyük canfəşanlıqla qeyd edilən, bahar fəslinin yurdumuza ilk qədəmlərinin müjdəçisi olan "Novruz" bayramına həsr olunan konsert proqramı keçirilib. ADU-nun ictimaiyyətlə əlaqələr xidmətindən SİA-ya verilən xəbərə görə, universitetin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə "Novruz" bayramı, onun milli atributları, bayramın özünəməxsus adət-ənənələri haqqında qısa məlumat verilib.
Daha sonra çıxış edən ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev "Novruz" bayramının Azərbaycan xalqının ən gözəl bayramlarından biri olduğunu söyləyib, bu münasibətlə hər kəsi universitet rəhbərliyi adından təbrik edib. O, bu tip tədbirin təşkil olunmasında Tələbə Həmkarlar Təşkilatının (THT) və Tələbə Gənclər Təşkilatının (TGT) rolunu xüsusi vurğulayıb, tələbələrə onların sıralarına qoşulmağı tövsiyə edib. Tədbirin həyata keçirilməsində əməyi keçən hər kəsə təşəkkür edən professor Ələddin Əliyev onlara işlərində və şəxsi həyatlarında uğurlar arzulayıb.
Bayram konsertində tanınmış müğənni Qurd, universitetin "Dalğa" rəqs qrupu çıxış edib, eyni zamanda tələbələr tərəfindən hazırlanmış bayramın adətlərini, atributlarını əks etdirən səhnəciklər nümayiş olunub.
Bədii hissə başa çatdıqdan sonra universitetin həyətində tələbələrdə bayram əhval-ruhiyyəsi yaratmaq məqsədi ilə "Novruz" bayramının əsas simvolu olan Tonqal yandırılıb, tədbir tonqal ətrafında davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB