Sabunçuda bayram tədbiri keçirilib

Sabunçuda bayram tədbiri keçirilib

Xalqımızın zəngin mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən bayramlarımızdan biri də baharın gəlişi, təbiətin oyanışı münasibətilə qeyd edilən Novruz bayramıdır. Respublikamızın bütün bölgələrində olduğu kimi Sabunçu rayonunda da Novruz bayramı təntənəli şəkildə qeyd edildi. SİA-nın məlumatına görə, Sabunçu rayonunda yerləşən 148 nömrəli tam orta məktəbdə qeyd edilən bayram tədbirinə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla, rayon sakinləri, ziyalılar, ictimaiyyət nümayəndələri qatılıblar.

Əvvəlcə rayon icra hakimiyyətinin başçısı Novruz bayramını tərənnüm edən stendlərlə tanış olub. Stendlərdə torpağın oyanışını, baharın gəlişini əks etdirən əl işləri, boyanmış yumurtalardan ibarət xonçalar, səmənilər, müxtəlif sənətkarlıq nümunələri, Novruz bayramının rəmzi olan müxtəlif şirniyyatlar da təqdim olunub.

Rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla tədbir iştirakçılarını salamlayaraq, onları bayram münasibətilə təbrik ediblər. Adil Vəliyev məktəbin həyətində qurulmuş Novruz tonqalını yandırdı. Bahar qızı "Cəngi" sədaları altında rayon əhalisini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etdi, milli geyimli qızlar və oğlanlar tonqalın ətrafında dövrə vuraraq yallı getdilər. Şənlikdə şagirdlərin ifasında şeirlər, mahnılar səslənmiş, musiqi nömrələri ifa olunub. Novruzun rəmzləri olan Kosa, Keçəl və Bahar qızının iştirakı ilə tamaşalar nümayiş etdirilib. Bayram şənliyi musiqi kollektivlərinin geniş konsert proqramı ilə davam edib.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə