Türkiyədə baş verən terrorun qurbanları Milli Məclisdə anıldı

Türkiyədə baş verən terrorun qurbanları Milli Məclisdə anıldı

Xəbər verdiyimiz kimi, Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilir. SİA-nın məlumatına görə, iclasda Azərbaycanın baş naziri Artur Rasizadə və bir çox dövlət rəsmiləri iştirak edir.

Millət vəkilləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatı, "Lisenziyalar və icazələr haqqında" qanun layihəsi üçüncü oxunuşda və "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" qanun layihəsini ikinci oxunuşda müzakirə edirlər.

Öncə Türkiyədə baş vermiş terror aktında dünyasını dəyişmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra çıxış edən parlamentin sədri Oqay Əsədov bildirib ki, dünyada baş verən qlobal iqtisadi böhran Azərbaycandan da yan keçməyib. Qeyd edib ki, böhran Prezident İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasət nəticəsində ölkəmizə çox az təsir edib: "Ümumi daxili məhsulun 1,1 faiz artması iqtisadi böhranın ölkəmizə az təsir etməsinin bariz nümunəsidir. Əsas kapitala ayrılan vəsaitin 55 faizi qeyri-neft sənayesinin payına düşür. Azərbaycan hər zaman olduğu kimi, investisiya qoyuluşu ilə fərqlənən ölkələrdəndir. İl ərzində infrastruktur və sosial layihələrə 16 milyard, neft sektoruna 7,1 milyard, qeyri-neft sektoruna 8,8 milyard manat investisiya qoyulub. Azərbaycan 165 ölkə ilə ticarət dövriyyəsi həyata keçirir".

Daha sonra spiker Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatı təqdim etmək üçün baş nazir Artur Rasizadəyə söz verib (Hesabatı ayrıca olaraq təqdim edəcəyik).

Bütün xəbərlər Facebook səhifəmizdə