2015-ci ildə Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən 1 ton 127 kq 395,322 qr müxtəlif növ narkotik vasitələr, o cümlədən 12 689 ədəd çətənə kolu qanunsuz dövriyyədən çıxarılıb.
Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyanın İşçi Qrupunun hazırladığı "Azərbaycan Respublikasında narkotiklərə nəzarət sahəsində 2015-ci il üçün Ölkə Məruzəsi"ndə göstərilib.
Sənəddə bildirilib ki, müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların 698 kq 636,109 qr-ı marixuana, 240 kq 097,617 qr-ı tiryək, 80 kq 311,795 qr-ı heroin, 57 kq 863,271 qr-ı həşiş, 62,385 qr-ı kokain, 50 kq 424,325 qr-ı psixotrop maddələr və digərləri, 1750 ədədi həb, o cümlədən 12 689 ədəd çətənə kolu olub.
Ötən il ərzində Azərbaycanda hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 3187 fakt aşkar edilib.
Hesabatda qeyd olunub ki, aşkar edilən faktlardan 916-sı satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 2062-si satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 193-ü qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 16-sı isə digərləri olub.
İl ərzində cinayət məsuliyyətinə 2587 nəfər cəlb olunub ki, onlardan 7 nəfəri 18 yaşadək, 565 nəfəri 30 yaşadək, 2015 nəfəri 30 yaşdan yuxarı, 18 nəfəri fəhlə, 7 nəfəri qulluqçu və ya maddi məsul şəxs, 2 nəfəri nəqliyyat işçisi, 2 nəfəri orta məktəb şagirdi, 2261 nəfəri işləməyənlər, 2535 nəfəri kişilər, 52 nəfəri isə qadındır.
2015-ci ildə Azərbaycanda narkotik maddələrin qanunsuz dövriyyəsində 57 nəfər xarici ölkə vətəndaşı təqsirləndirilərək məsuliyyətə cəlb olunub.
Məsuliyyətə cəlb edilən həmin şəxslərdən 65 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr götürülüb. Əcnəbilərin 31 nəfəri İran İslam Respublikası, 20 nəfəri Gürcüstan, 2 nəfəri Türkiyə, 2 nəfəri Ukrayna, 1 nəfəri Rusiya Fedarasiyası, 1 nəfəri isə Türkmənistan vətəndaşıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB