Bü gün AHİK-in sədri, Milli Məclisin üzvü Səttar Mehbalıyevin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Qarabağ əlillərinin bir qrupu ilə görüşü oldu. SİA-ya verilən məlumata görə, qarşıdan gələn Novruz bayramı münasibətilə Qarabağ əlillərini təbrik edən Konfederasiya sədri onların hər birini ayrı-ayrılıqda dinlədi, güzəranları, iş, məişət qayğıları ilə maraqlandı. Qarabağ əlillərinin, eləcə də şəhid ailələrinin, aztəminatlı ailələrin problemlərinin həmişə həmkarlar ittifaqlarının diqqətində olduğunu bildirən Səttar Mehbalıyev həmkarlar ittifaqı təşkilatlarına müraciət edən hər bir həmvətənimizin problemlərinə həssaslıqla yanaşıldığını, həllinə köməklik göstərildiyini görüş iştirakçılarının nəzərinə çatdırdı. Onlara bildirdi ki, bundan sonra da hər hansı bir məsələ, problemlə bağlı Qarabağ əlillərinin, digər aztəminatlı ailələrin müraciətləri olduqda onlara hər cür köməklik və yardım göstəriləcək.
Görüşdə iştirak edənlər göstərilən qayğı və diqqətə görə AHİK sədrinə öz minnətdarlıqlarını bildirdilər. Görüşün sonunda Qarabağ əlillərinin hər birinə bayram münasibətilə maddi yardım göstərildi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB