Martın 16-da saat 12:00-da Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Naftalan və Xocalı şəhər və rayon polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı Bərdə Rayon Polis Şöbəsində sıra baxışı keçiriləcək. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sıra baxışında müddətli həqiqi hərbi xidmət keçmiş, ali və ya orta ixtisas, yaxud tam orta təhsilli, boyu 175 santimetrdən yuxarı, 20-24 yaşlarında, özü və yaxın qohumları məhkum olunmamış, atletik cüssəli Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Həmin vəzifələrdə əmək funksiyalarının yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından, namizədlərin sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılacaq.
Bununla yanaşı, "İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə" Azərbaycan Prezidentinin 2016-cı il 2 mart tarixli Fərmanının icrası çərçivəsində mülki işçi vəzifələrinə də Azərbaycan Respublikası vətəndaşlarının qəbulu ilə əlaqədar sıra baxışı keçiriləcək. Sıra baxışında müddətli həqiqi hərbi xidmət keçmiş, ali və ya orta ixtisas, yaxud tam orta təhsilli, boyu 175 santimetrdən yuxarı, 20-24 yaşlarında, özü və yaxın qohumları məhkum olunmamış Azərbaycan vətəndaşları iştirak edə bilərlər. Bu tələblərə cavab verən və işə qəbul olunan vətəndaşlar polis orqanlarının vəzifəli şəxslərinin rəhbərliyi altında ictimai asayişin qorunması üzrə funksiyaların (polisə ictimai dəstək) yerinə yetirilməsinə cəlb olunacaq, xüsusi geyim forması ilə təmin ediləcəklər. Onlara Daxili İşlər Nazirliyinin mülki işçiləri üçün müəyyən edilmiş təminatlar şamil olunacaq. İctimai asayişin qorunmasında 2 il ərzində əməkdaşlıq etmiş şəxslərə daxili işlər orqanlarında xidmətə qəbul zamanı üstünlük veriləcək.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB