Gəncənin küçə və prospektlərinin işıqlandırılması işləri davam etdirilir
Gəncədə küçələrin gecə işıqlandırılması istiqamətində həyata keçirilən tədbirlər əsas küçə və prospektləri əhatə etsə də mərkəzdən kənar küçələr barədə bunu demək olmur.
Bəzi küçələrdə işıq dirəklərinin olmaması, müəyyən qismində isə işıqlanmanın yoxluğu piyada və avtomobillərin hərəkəti üçün təhlükə yaradır. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Gəncədə əsas küçə və prospektlərə 3 mindən artıq yeni işıqlandırma dirəyi quraşdırılıb ki, bu tək mərkəzi yolları deyil, Atabəylər prospekti, 28 may, Əhməd Cəmil və Təbriz küçələrini də əhatə edir. Bəzi ara küçələrin də işıqlandırlması təmin edilir. Bununla belə şəhərdə gecələr zülmətə qərq olan küçələr də az deyil. Quraşdırılan yeni dirəklərə rəğmən işıqlanmanın olmaması və ya lampası yanmayan köhnə dirəklərin qalması küçələrdə hərəkəti çətinləşdirir. Gəncənin Cavadbəy Rəfibəyli, Şeyxzamanlar qəsəbəsində Rauf Xəlilov, Yaqub Hacıyev və digər küçələrin timsalında bunu bariz şəkildə görmək olar. Hazırda 28 may küçəsinin işıqlandırılması istiqamətində yeni dirəklərin quraşdırılması aparılır. Yolun hər iki tərəfi müasir işıqlandırıcılarla təmin edilir. Gəncə şəhər İşıqlandırma İdarəsinin sahə rəisi Akif Qəmbərovun sözlərinə görə, şəhərin inkişaf planına uyğun olaraq bütün küçələr havanın qaranlıq vaxtında işıqlandırılacaq. Son 1 il ərzində Gəncədə mindən artıq yeni işıq dirəyi quraşdırılaraq 30 elektrik şkafı ilə təmin edilib, 20 km-dən artıq yeraltı kabel xətti çəkilib.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB