Martın 11-də Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun Azərbaycan-Rusiya münasibətləri tarixi" şöbəsinin fəaliyyəti çərçivəsində Rusiya Elmlər Akademiyasının Böyük Pyotr adına Antropologiya və Etnoqrafiya Muzeyinin (Kunstkamera) direktoru, tarix elmləri doktoru Yuri Kirilloviç Çistov ilə görüş keçirilib.
SİA-nın xəbərinə görə, Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov tədbiri açaraq institutun beynəlxalq elmi əlaqələrindən danışıb: "Azərbaycan-Rusiya münasibətləri tarixi" şöbəsinin fəaliyyəti çərçivəsində Rusiya Federasiyasının (RF) Moskva, Sankt-Peterburq, Kazan, Şimali Qafqaz və digər bölgələrinin elmi mərkəzləri ilə əməkdaşlıq haqqında müqavilələr imzalanıb".
Tədbirdə vurğulanıb ki, Tarix İnstitutu Rusiyanın arxivləri ilə əməkdaşlıq edir. Tarix İnstitutu 2015-ci ilin oktyabrında RF-nin Tarix, İqtisadiyyat və Hüquq Elmi-Tədqiqat İnstitutu, 2016-cı ilin martında isə RF Tatarıstan Respublikası Elmlər Akademiyasının Şəhabəddin Mərcani adına Tarix İnstitutu ilə elmi əməkdaşlıq haqqında müqavilə imzalayıb.
Daha sonra Tarix İnstitutu ilə Kunstkamera arasında elmi əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləni Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov və Kunstkameranın direktoru, tarix elmləri doktoru Yuri Çistov imzalayıblar. Bu müqavilə iki elmi müəssisə arasındakı elmi əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədi daşıyır. Tədbirdə bildirilib ki, bu elmi əməkdaşlıq iki ölkə arasında münasibətlərin mühüm tərkib hissəsidir və xalqlar arasında dostluq münasibətlərini möhkəmləndirir.
Yaqub Mahmudov bildirib ki, Azərbaycan tarixçi-alimləri Kunstkamera ilə əməkdaşlığa çox şaddırlar. Vurğulanıb ki, Rusiyanın ilk muzeyi olan Kunstkamera Sankt-Peterburq şəhərində yerləşir və I Pyotr tərəfindən yaradılıb.
Böyük Pyotr adına Antropologiya və Etnoqrafiya Muzeyinin direktoru Yuri Çistov bildirib ki, Kunstkamera XVIII əsrin əvvəllərindən Rusiya Elmlər Akademiyasının simvolu hesab olunur.
Qeyd edək ki, 2015-ci ilin dekabrında Azərbaycanın tarixçi-alimləri Sevinc Əliyeva, Firdovsiyyə Əhmədova, Fərəh Hüseyn Kunstkamerada araşdırma aparmışlar və onlar muzeyin fondlarında Azərbaycan tarixinə və mədəniyyətinə aid materiallar aşkar etmişlər. Bundan sonra Kunstkamera ilə elmi əməkdaşlıq daha da genişləndiriləcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB