Bir sıra dövlətin liderləri Bakıya toplaşır

Bu gün Bakıda "Çoxqütblü dünyaya doğru" mövzusunda 4-cü qlobal Bakı Forumu başlayır
Bir sıra dövlətin liderləri Bakıya toplaşır

Bu gün Bakıda "Çoxqütblü dünyaya doğru" mövzusunda 4-cü qlobal Bakı Forumu başlayır. Dövlət başçıları, nüfuzlu siyasətçilər və ictimaixadimlərin iştirak edəcəyi forumda dünyanı narahat edən aktual məsələlər müzakirə olunacaq. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iki gün davam edəcək forumda 7 prezident, 1 vitse-prezident, 27 sabiq prezident, 23 sabiq baş nazir, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri və yüksək vəzifəli nümayəndələri, tanınmış siyasətçilər və ekspertlər iştirak edəcəklər.

"Müasir dövrün qlobal çağırışı" adlı açılış sessiyasında bir sıra dövlət və hökumət rəhbərləri çıxış edəcək, video-müraciətlər nümayiş etdiriləcək. Plenar sessiyada və panel iclaslarında siyasətçilər, tanınmış ictimai-siyasi xadimlər, nüfuzlu ekspertlərin iştirakı ilə gündəlikdə nəzərdə tutulmuş mövzular ətrafında müzakirələr və fikir mübadiləsi aparılacaq.

Forumda qlobal etimadsızlıq və təhlükəsizlik; regional dinamiklik və təhlükələr; iqtisadi amillərin əhəmiyyəti və qeyri-bərabərliyi, Qərbin zəifləməsi və qlobal iqtisadi çətinliklərin ciddi nəticələri; iqlim dəyişikliyi və enerji siyasəti; multikulturalizm, dinlərarası dialoq və qarşılıqlı inteqrasiya kimi mühüm istiqamətlər üzrə müzakirələr aparılacaq.

Qeyd edək ki, bundan əvvəl keçirilmiş üç forum mövzuların genişliyi və aktuallığı, yüksək səviyyəli təmsilçilik və tədbirdə iştirak edən nümayəndələrin fəallığı baxımından dünya ictimaiyyətinin və beynəlxalq medianın diqqət mərkəzində olub. 4-cü foruma da maraq olduqca böyükdür.

Bütün xəbərlər Facebook səhifəmizdə