Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların uğurları beynəlxalq ictimaiyyət tərəfindən də təqdir olunur. Belə ki, həyata keçirilən iqtisadi siyasət yeni dövrün tələbinə uyğun daha innovativ inkişaf kursu götürərək Azərbaycana böyük uğurlar qazandırır. Söz yox ki, davamlı inkişaf sayəsində respublikamız Cənubi Qafqaz regionunun lider dövləti səviyyəsinə yüksəlib və bunun da nəticəsidir ki, bölgədə Azərbaycanın təşəbbüsü və fəal iştirakı olmadan hər hansı layihəni reallaşdırmaq mümkün deyil. Ölkəmiz, eyni zamanda, müntəzəm olaraq qlobal miqyasda yeni-yeni əməkdaşlıq platformaları ilə çıxış edir ki, bunun da sayəsində respublikamızın beynəlxalq nüfuzu və təsir imkanları əhəmiyyətli dərəcədə artıb. Müstəqil Azərbaycanın nüfuzlu regional və qlobal faktora çevrilməsinin isə obyektiv əsasları var.
Azərbaycan müstəqillik tarixində təməli xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi məqsədyönlü siyasət sayəsində ölkənin iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atılıb. İqtisadi müstəqillik Azərbaycanın çox mühüm perspektivlərə malik ölkə kimi dinamik inkişafını təmin edib. Bütövlükdə, Azərbaycanın sürətli inkişafı və əldə edilmiş nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi və iqtisadi kursun qanunauyğun nəticəsidir. Digər tərəfdən, bu gün dünyada iqtisadi böhranın yaşanmasına baxmayaraq, ölkəmizdə ciddi islahatlar aparılır. Yəni ölkə iqtisadiyyatının inkişafı üçün mütəmadi surətdə reallaşdırılan praqmatik islahatlar modeli formalaşdırılıb ki, bu, bütövlükdə milli inkişafa təkan verən əhəmiyyətli amil səciyyəsi daşıyır. Eyni zamanda, güclü iqtisadi inkişafa əsaslanan bir sıra tədbirlərin görülməsi Azərbaycanın milli tərəqqisini sürətləndirən, milli gücünü artıran başlıca strateji komponent qismində çıxış edir. qeyd etmək yerinə düşərdi ki, dövlət başçısının həyata keçirdiyi iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olması, habelə bütün problemlərin həllində iqtisadi aspektin mövcudluğunun ön plana çəkilməsidir. Dövlət proqramlarının, Fərman və Sərəncamların icrası ölkədə gedən iqtisadi inkişafın sürətləndirilməsini uğurla təmin edir, tərəqqi prosesində özəl sektorun payı və rolunu davamlı şəkildə artırır. Xüsusilə, sahibkarlığın inkişafında biz bu amili kifayət qədər görürük. Çünki ölkənin iqtisadiyyatında özəl sektorun üstünlük qazanması, neft hasilatının və gəlirlərinin məqsədyönlü idarə olunması ilə yanaşı, qeyri-neft sahələrinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməsi də Prezident İlham Əliyevin iqtisadi siyasətinin ana xəttini təşkil edir.
Prezidenti cənab İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı İlham Əliyev demişdir: "Dünyada neftin qiymətinin təxminən 4 dəfə ucuzlaşmasına baxmayaraq, bu, ölkəmizə ciddi iqtisadi təsir göstərə bilməyib. Bu da qeyri-neft sektorunun inkişafı, xüsusilə regionlarda yeni istehsal sahələrinin yaradılması nəticəsində mümkün olub. Əhalinin gündəlik tələbatının ödənilməsində xüsusi rol oynayan kənd təsərrüfatı məhsullarının ölkədə istehsalı ciddi qiymət artımına imkan verməyib".
Əlbəttə ki, 2015-ci ili həm dünya ölkələri, həm də Azərbaycan üçün sınaq ili adlandıran dövlət başçısı vurğulayıb ki, dünyada gedən proseslər istər-istəməz bizə də təsir etmişdir. Ancaq 2015-ci ildə Azərbaycanda ictimai sabitlik təmin edildi, xalqımız sülh, əmin-amanlıq şəraitində yaşayır və yaşamalıdır. Ona görə də ölkədə həyata keçirilən siyasətin mərkəzində iqtisadi inkişaf və insan amili dayanır. Qarşıya qoyulan ən ümdə vəzifələrdən biri dövlətin və vətəndaşların baş verən neqativ halların mənfi təsirlərindən qorunmasıdır. Bu məqsədlə qarşıdan gələn dövrdə genişmiqyaslı tədbirlərin həyata keçirilməsi - xüsusilə sahibkarlığa dəstək kimi faktorlar nəzərdə tutulur. Bu, həm Azərbaycanın davamlı iqtisadi inkişafını təmin edəcək, həm də özündə əks-böhran tədbirlərini əks etdirməklə milli iqtisadiyyatı, sosial sferanı neqativ təsirlərdən sığortalayacaq.
Göründüyü kimi, iqtisadi çətinliklərin maksimum həddə çatdığı indiki vaxtda belə, dövlət nəinki əhalinin sosial müdafiəsini gücləndirir və onların bütün qayğılarını qarşılamaq üçün təxirəsalınmaz addımlar atır, həmçinin ölkənin neftdən asılılığını minimuma endirmək üçün beynəlxalq aləmdə sınaqdan çıxmış qabaqcıl təcrübə əsasında əsaslı islahatlar keçirmək istiqamətində konkret addımlar atır. Dövlətlə xalqın vəhdəti, qırılmaz birliyi məhz budur və o, iqtisadiyyatımızı çökdürmək, bizi fəlakətlərin girdabına sürükləmək istəyənlərə ciddi mesajdır. Ölkədə sıravi vətəndaş da, məmur da yaxşı bilir ki, bizim ən güclü silahımız daxili sabitlik və birliyimizdir. Dövlət də, xalq da bu qırılmaz vəhdətin qorunması üçün bundan sonra da əlindən gələni əsirgəməyəcək.
Eyni zamanda "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda da dövlət başcısının qeyd etdiyi kimi, həqiqətən də 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı bütövlükdə tarixi hadisədir və tarixi nailiyyətdir. Bu Dövlət Proqramı sahibkarlığın inkişafına böyük dəstək vermişdir. Belə ki, kecən dövr ərzində sahibkarlara güzəştli şərtlərlə 1,7 milyard manat kreditlər verilmiş, bu ilin sonunda həmin rəqəmin 2 milyard manat təşkil edəcəyi gözlənilir. Sahibkarlara dəstək məsələsində son illərdə dövlətin güzəştli kreditləri hesabına 43 müasir quşçuluq və 25 heyvandarlıq kompleksinin, 39 intensiv bağçılıq təsərrüfatının, 53 logistik mərkəzin və 22 taxıl anbarının, 16 meyvə-tərəvəz emalı, 9 süd emalı, 8 ət emalı müəssisəsinin, 28 çörək zavodunun, 46 istixana kompleksinin, 6 yem zavodunun və digər müasir müəssisələrin yaradılması aqrar sektorda dönüşün əldə olunmasına, ixrac potensialının artmasına, idxaldan asılılığın azalmasına, ümumilikdə ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə səbəb olub, ötən il əsas ərzaq məhsulları üzrə özünütəminat səviyyəsi artmaqda davam edib. "Pambıqçılıq haqqında" və "Tütüncülük haqqında" Azərbaycan Respublikasının Qanununlarında dəyişikliklər edilməsi də Azərbaycanda kənd təsərrüfatı sahəsində calışan sahibkarların işlərinin təkmilləşdirilməsinə yönəlmişdir. Biznes və investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən sistemli tədbirlər bu gün xüsusilə böyük əhəmiyyət kəsb edir. Ötən ilin sonlarında və bu ilin yanvar ayında sahibkarlığın inkişafı ilə bağlı ölkə Prezidentinin imzaladığı mühüm qərarlar biznes mühitinin yaxşılaşdırılması istiqamətində yeni mərhələnin başlanğıcı olub.
Belə ki, sahibkarlıq subyektlərində yoxlamalar 2 il müddətinə dayandırılıb, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, lisenziyalar müddətsiz müəyyən edilib, dövlət rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılıb, lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzlərində verilməsinə və "Elektron lisenziya" portalının yaradılmasına başlanılıb.
2015-ci ildə sahibkarların maarifləndirilməsi, onlara metodiki köməyin, məsləhət və informasiya xidmətlərinin göstərilməsi məqsədilə ölkədə 3 mindən artıq sahibkarın iştirakı ilə 132 tədbir keçirilib, son illərdə 256 sahibkarın Almaniyada iqtisadi kooperasiya üzrə ixtisas artırması təşkil olunub.Regionlarda sahibkarların uzun illərdir banklarda üzləşdikləri girov probleminin həlli üçün kiçik həcmli güzəştli kreditlərin girovsuz verilməsi məqsədilə 32 bank olmayan kredit təşkilatı əməkdaşlığa cəlb edilib və onların vasitəsilə 7 minədək fermerə 53 milyon manat kredit verilib. Bütün bunlar məhz sahibkarlığın inkişafına yönəlmiş mütərəqqi addımlardır. Çünki bu gün Azərbaycan iqtisadiyyatının böyük hissəsi - 80 faizdən çoxu özəl sektorda formalaşır. Regional inkişaf proqramları ilə yanaşı, "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı", "Sahibkarlığa dövlət maliyyə dəstəyinin göstərilməsi sahəsində əlavə tədbirlər haqqında", "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi qaydalarının təkmilləşdirilməsi haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan Respublikasında azad iqtisadi zonaların yaradılması haqqında", "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında", "Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə" və digər Fərman və sərəncamların, qanunların, dövlət proqramlarının icrası sahibkarlığın inkişafına təkan vermiş, qeyri-neft sektorunun inkişafını stimullaşdırmışdır.
Sahibkarlığın inkişafının ən vacib komponentlərindən biri də sahibkarların maarifləndirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi, konsaltinq və innovasiya xidmətlərinin göstərilməsidir. Yerli sahibkarların potensial imkanlarının reallaşdırılmasına dəstək və İnvestisiya imkanlarının təşviqi, habelə yeni bazarlara çıxış məqsədilə İqtisadi İnkişaf Nazirliyinin təşkilatcılığı və Azərbaycan sahibkarlarının iştirakı ilə 84-ü xaricdə olmaqla, 261 biznes forum, sərgi, "dəyirmi masa" və digər tədbirlər keçirilmiş, bu tədbirlərdə ölkənin investisiya mühiti barədə məlumatlar təqdim olunmuşdur. Söz yox ki, sahibkarlar da öz növbələrində Azərbaycanın tərəqqisi, xalqımızın firavan gələcəyi naminə, ölkə Prezidenti tərəfindən müəyyənləşdirmiş vəzifələrin icrasında bundan sonra da fəal iştirak edəcək, Azərbaycan dövlətinin qarşımızda qoyduğu hədəflərə catmaq ücün bundan sonra da əzmlə çalışacaqlar. Hər bir sahibkar məhz öz dövlətinə güvənir və Prezidentini dəstəkləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB