Bu gün Mətbuat Şurasının təşkilatçılığı ilə Şəmsiyyə Kərimovanın 60 illik yubileyi və "Şəmsiyyənin kitabı"nın təqdimatı keçirilib. SİA-nın məlumatına görə, kitab 8 mart Beynəlxalq Qadınlar Bayramına həsr olunub.
Tədbirdə millət vəkilləri, ziyalılar və Kütləvi İnformasiya Vasitələrinin (KİV) nümayəndələri iştirak edib.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov təqdimat mərasimində çıxış edərək deyib ki, Şəmsiyyə Kərimova 35 ildir mətbuatda çalışır: "2005-ci ildən "Yeni Təfəkkür" qəzetinin təsisçisi və baş redaktorudur. 2007-ci ildən Azərbaycan Qızıl Aypara Cəmiyyəti qəzetə həmtəsisçi olub. 2010-cu ildən Milli Mətbuatımızın 135 illiyində ölkə Prezidentinin sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb. "Qızıl qələm" media mükafatı laureatı, "Nailiyyət", "Fəxri jurnalist" diplomu ilə mükafatlandırılıb. Azərbaycan mətbuatında ilk dəfə orta məktəbdə oxuyarkən "Azərbaycan gəncləri" qəzetinin Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsi ilə birgə açdığı "Jurnalist...Jurnalist? Jurnalist!" müsabiqəsinə göndərdiyi və qalib gələn "Çərkəz qızı Tellinin nağılı" oçerki ilə tanınıb. Ondan sonra bir çox müsabiqələrin qalibi olub".
Kitabın müəllifi Şəmsiyyə Kərimova isə bildirib ki, kitabın redaktoru Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslandır: "Kitaba publisistik məqalələr, müsahibələr, digər qeydlər və müəllif haqqında materiallar daxildir".
Qeyd edək ki, Şəmsiyyə Kərimova bir neçə kitabın redaktorudur. "Şəmsiyyənin kitabı" müəllifin ilk kitabıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB