Sağ ikən qəbir almaq düzgündürmü?

Sağ ikən qəbir almaq düzgündürmü?

Azərbaycanda bir çox insanlar qəbir yerlərini sağ ikən almağa üstünlük verirdilər. Hətta ölməzdən əvvəl heykəlini qoyanlar da olurdu. Artıq bu, qadağan olunub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da jurnalistlərə açıqlamasında sağ ikən qəbir yerlərinin alınmasının qadağan olunduğunu təsdiqləyib. O bildirib ki, "Məzar yerləri və məzarlıqlar haqqında" qərar layihəsi Nazirlər Kabinetinə təqdim olunub və eyni zamanda sözügedən məsələ İctimai birliklər və dini qurumlar komitəsində müzakirə olunur.

"Sağ ikən qəbir almaq dini baxımdan düzgün deyil"

Məsələ ilə əlaqədar SİA-ya açıqlama verən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, sağ ikən qəbir almaq dini, şəriət baxımdan düzgün deyil: "Hər bir insanın nə zaman öləcəyini yalnız Allah bilir. Buna baxmayaraq, Azərbaycanda elə insanlar var ki, onlar sağ ikən bütün ailə üzvlərinə, hətta nəslinə belə qəbir yeri alır. Lakin onlar düşünmür ki, bütün ailə üzvlərinin ardıcıl olaraq bir yerdə dəfn edilməsi dini baxımdan düzgün deyil. İnsan öldüyü zaman onun cənazəsinin yaxınlarının və ya kənarda dəfn edilməsinin heç bir anlamı yoxdur. Qurani-Kərimi, şəriəti, Peyğəmbərin sünnətini oxuyan hər kəs bilir ki, bu addımlar İslam dininə ziddir və onları etmək olmaz".

"Bəziləri rahatçılığını təmin etmək üçün əvvəlcədən qəbir yeri alırdı"

Komitə sədri vurğulayıb ki, bəzi insanlar rahatçılıqlarını təmin etmək üçün sağ ikən qəbir almağa üstünlük verirdi: "İnsanlar öləndən sonra ətrafdakıların vaxtlarını onlar üçün qəbir almağa sərf etməsini istəmirlər. Məhz buna görə də bir çoxları sağ ikən qəbir almağa üstünlük verirdilər. Lakin məzarlıqların fəaliyyətini tənzimləyən qərara uyğun olaraq, müvafiq idarə tərəfindən qəbir yerlərinin sağ ikən verilməsinə qadağa qoyan qərar artıq qüvvədədir".

"Məzarlıqlar üçün yeni yerlər təklif olunur"

S. Novruzov "Məzar yerləri və məzarlıqlar haqqında" qərar layihəsinin İctimai birliklər və dini qurumlar komitəsində müzakirə olunduğunu dilə gətirib: ""Məzar yerləri və məzarlıqlar haqqında" qərar layihəsində məzarlıqlar üçün yeni yerlər təklif olunur. Bilirsiniz ki, məzarlıqlarda yerlərin çoxu tutulub. Bu məqsədlə yeni məzarlıqların salınması nəzərdə tutulub. Həmin yerlər yaşayış məntəqəsindən, su hövzələrindən, əkin, eləcə də kimyəvi maddələrlə zəngin olan yerlərdən uzaq olmalıdır. Hazırda qərar layihəsinə Nazirlər Kabineti tərəfindən baxılır. Düşünürəm ki, tezliklə məzarlıqlarla bağlı bütün məsələlər öz həllini tapacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə