Bilik Fondu Qəbələdə kitab təqdimatı keçirdi

Bilik Fondu Qəbələdə kitab təqdimatı keçirdi

Qəbələ şəhər 2 nömrəli tam orta məktəbdə "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabının təqdimatı keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla tədbir iştirakçılarına kitab barədə ətraflı məlumat verib. Fonddan SİA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2015-ci ilin ən yaxşı məktəbi adına layiq görülmüş bu nümunəvi təhsil ocağının direktoru, Bilik Fondunun rayon nümayəndəsi Təranə Səlimova ötən ilyarım ərzində Bilik Fondunun Qəbələdə həyata keçirdiyi rəngarəng layihələr, maraqlı tədbirlər barədə danışıb, görülən işlərin rayonda razılıqla qarşılandığını qeyd edib.

Sonra "Multikulturalizm ili" çərçivəsində nəşr edilən kitaba daxil olan materiallar əsasında məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiya təqdim olunub.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin ideya müəllifi və elmi redaktoru olduğu "Azərbaycan multikulturalizminin qaynaqları" seriyasından buraxılmış bu ilk kitab məktəbin kitabxanasına hədiyyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə