İctimai asayişi qorumaq gənclərə nə verəcək?

İctimai asayişi qorumaq gənclərə nə verəcək?

Ötən gün Prezident İlham Əliyev ictimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən, Polis orqanları ilə əməkdaşlığa şəxsi və işgüzar keyfiyyətlərinə görə fərqlənən, müddətli həqiqi hərbi xidmət keçmiş (qadınlar istisna olmaqla), yaşı 20-dən az və 24-dən çox olmayan Azərbaycan Respublikası vətəndaşları könüllülük əsasında cəlb ediləcəklər.

"Azərbaycan ictimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi ilə bağlı təcrübəyə malikdir"

Məsələ ilə bağlı SİA-ya açıqlama verən sabiq polis rəisi, polkovnik, Elmi Praktik Hüquq Mərkəzinin əməkdaşı Mahmud Hacıyev bildirib ki, ölkə başçısı tərəfindən imzalanan fərman ölkəmizdə asayişin daha yüksək səviyyədə qorunması, eləcə də gənclərimizin polislə əməkdaşlığında mühüm rola malik olacaq: "Azərbaycan ictimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi ilə bağlı təcrübəyə malikdir. 1960-1975-ci illərdə ictimai asayişin qorunmasında vətəndaşlardan istifadə olunmaqla müsbət nəticələr əldə olunurdu. Lakin müstəqillik əldə etdikdən sonra bu qaydalara əməl olunmadı. O zaman da ictimai asayişin qorunmasında gənclərdən istifadə olunurdu. İş və ya yaşayış yerində müsbət xarakterizə olunanlar polisə cəlb edilir və onlardan kütləvi tədbirlər, konsertlər, kino teatrlarda keçirilən festivallar, idman tədbirləri zamanı istifadə olunurdu. Bundan başqa həmin gənclər şənbə-bazar, bayram günlərində, parklarda, istirahət guşələrində, insanların gur olduğu yerlərdə ictimai asayişinin qorunmasın aktiv iştirak edirdilər. Polis birgə və ya ayrı reyd keçirdikləri zaman həmin gənclərdən ən aktivi qoluna qırmızı bağlamaqla, qrupun rəhbəri kimi çıxış edirdi. Həmin gənclərin əksəriyyəti hərbi qulluqdan gələnlər idi. Onların polislə əməkdaşlıq etmələri üçün həvəsləndirici addımlar da atılırdı. İctimai asayişin qorunmasında yüksək səviyyədə iştirak edən gənclər 2-3 il çalışdıqdan sonra polis nəfəri, hətta polis serjantı rütbəsinə qədər yüksələ bilirdilər. O zaman onlar adı "xalq drujinası" adlanır, həm fiziki, həm də görünüş baxımından digərlərindən seçilirdilər".

"İcra mexanizmi düzgün şkildə həyata keçirilməlidir"

Sabiq polis rəisi qeyd edib ki, Ölkə başçısı tərəfindən imzalanan fərmanın mexanizmi düzgün və keyfiyyətli şəkildə həyata keçirilməlidir: "Sözügedən fərmanın verilməsi müsbət haldır. Lakin əsas məsələ onun icra mexanizmidir ki, bu mexanizm düzgün və keyfiyyətli şəkildə həyata keçirilməlidir. Fərmanı icra edəcək orqanlar keçmiş təcrübədən istifadə etməklə bu işi yüksək səviyyədə həyata keçirə bilərlər".

"İnsanlar arasında polisə meyllilik azalıb"

Mahmud Hacıyevin sözlərinə görə, hazırda insanlar arasında polisə meyllilik azalıb: "Bəzən vətəndaşlar polisə kömək etməkdən çəkinirlər. Hətta bəziləri gördükləri cinayətdən boyun qaçırılar. Təəssüflə də olsa qeyd edək ki, hazırda ölkəmizdə könüllü şəkildə polisə yardım etməkdən boyun qaçıranlar çoxluq təşkil edir. Bunları nəzərə alaraq, bu istiqamətdə güclü maarifləndirmə işləri aparılmalıdır. Televiziya kanalları bu işə daha diqqət etməli, bununla əlaqədar maarifləndirici proqramlar hazırlayıb, geniş ictimaiyyətə təqdim etməlidirlər. Fərmana əsasən, bu işə yaşı 20-dən az və 24-dən çox olmayan gənclər cəlb olunacaq. Gənclər bu işin mahiyyətini bilmədikləri üçün bundan boyun qaçıra bilər. Çünki, onlar əvvəlki təcrübə ilə tanış deyillər. Bəzilər elə düşünər ki, polisə yardım etməklə ətrafdakıların nüfuzundan düşə bilərlər. Bütün bunların olmaması üçün mütləq şəkildə maarifləndirmə işləri aparılmalı, gənclərə bu işdə böyük perspektiv olduğuna inandırmaq lazımdır".

"Fərmanın icrasında həvəsləndirici addımlardan istifadə edilməldir"

Polkovnik qeyd edib ki, fərmanın icrası zamanı həvəsləndirici addımlardan da istifadə etmək mümkündür: "Asayişin qorunmasında polisə yalnız gənclər kömək edə bilər. Gənclərin də könüllü şəkildə polislə əməkdaşlıq etməsi üçün həvəsləndirici addımlar atıla bilər. Misal üçün bu işdə aktiv olan, gələcəkdə hüquq mühafizə orqanlarında və ya polis sistemində qulluq etmək istəyənlərin işlə təmin olunması kimi addımlar atıla bilər. Belə olan halda, bu işə marağı olan gənclərin mütləq şəkildə polislə əməkdaşlığa meylliliyi artar. Bu işlərin düzgün şəkildə həyata keçirilməsi üçün isə ilk növbədə icra mexanizmini yüksək səviyyədə qurmaq lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə