Bu gün Nərimanov Rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsi və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Vətənin müdafiəsinə hazıram!" mövzusunda tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, rayon ictimaiyyət nümayəndələri və orta ümumtəhsil məktəblərin şagirdləri iştirak ediblər.
Öncə tədbir iştirakçıları İcra Hakimiyyətinin inzibati binasının foyesində Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyublar, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə öz işinə başlayıb. Torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman oğul və qızlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Giriş sözü ilə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov bu cür tədbirlərin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını vurğulayaraq qeyd edib ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə öz sözünü deyir və ölkəmizi beynəlxalq arenalarda təmsil edirlər: "Ölkəmizdə aparılan siyasətin, gənclərə göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün intellektual Azərbaycan gənci yetişməkdədir. Ordu quruculuğu, o cümlədən də gənclərə vətənpərvərlik ruhunun aşılanması məhz Ulu Öndərin adı ilə bağlıdır".
Gənclər dövlətimizin gələcəyidir, sivil cəmiyyətimizin aparıcı qüvvəsidir deyə qeyd edən Şahmar İbadov vuğulayıb ki, gənclərimiz əzəli torpaqlarımızı erməni qəsbkarlarının işğalından xilas edəcək Vətənimizin cəsur keşikçiləridir: "Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu, gənclər siyasəti özünün yeni mərhələsini yaşayır. Azərbaycanın sabitlik və inkişafının qarantı olan vətənpərvər dövlət başçısının ətrafında Vətəni qorumaq ideyası naminə sıx birləşmək hər bir Azərbaycan gəncinin ümdə vəzifəsidir".
Sonra çıxış edənlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general-mayor Novruzəli Orucov, Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, Rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənov, şəhid anası Sona Vəliyeva, "Silahlı Qüvvələrə İctimai Nəzarət Mərkəzi" İctimai Birliyinin sədri Emin Həsənli bildiriblər ki, gənclər Vətənimizin müdafiəsi, milli-mənəvi dəyərlərimizin qorunması və təbliğində fəal iştirak etməli, mədəniyyət, idman, elm və digər sahələrdə uğurlar qazanmalıdırlar. Qeyd olunub ki, Azərbaycan gəncləri hər zaman dövlətçilik ənənələrini daim uca tutub və bu gün də dövlətimizin onlara verdiyi stimul nəticəsində öz potensiallarını sərgiləyirlər.
Tədbirin bədii hissəsində rayonun təhsil ocaqlarının tələbə və şagirdləri, vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı maraqlı konsert proqramı ilə çıxış ediblər.
Sonda müharibə veteranlarına və hərbi hazırlıq fənnində yüksək nailiyyət qazanmış şagirdlərə Fəxri Fərmanlar və mükafatlar təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB